Yığmamızın ardıcıl 2-ci açıq məşqi: Yağışda ev tapşırığı
13.11.2012 - 21:51
Yığmamızın ardıcıl 2-ci açıq məşqi: Yağışda ev tapşırığı
Bu gün Azərbaycan yığması 2014-cü il dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcəyi Şimali İrlandiyada açıq məşqə çıxıb. Apasport.az saytının Belfasta ezam olunmuş əməkdaşının məlumatına görə, Berti Foqtsun baş məşqçisi olduğu yığmamız ardıcıl 2 gün açıq məşq keçirməyi ilə diqqət çəkdi. Fərq məkanlarda oldu ki, bu dəfə hazırlıq oyun keçiriləcək “Windsor Park” stadionunda yox, millimizin qaldığı “Stormond” otelinin yaxınlığında meydançada keçirdi. 1 saatdan bir az artıq davam edən məşqi mətbuatdan yalnız Azərbaycandan gələn jurnalistlər izlədi.

Əslində, həmin meydança millilərimizə yaxşı tanış idi. Belə ki, onlar ötən bazar qapalı olan hər 2 məşqi orada keçirmişdi. Bu dəfə məşq prosesinin artıq əvvəlində təkcə Şimali İrlandiya yox, Böyük Britaniyaya xas olan yağış yağmağı müşahidə olundu. Düzdür, bu, qısa müddətli olsa da, yağış qazona öz mənfi təsirini göstərirdi.

Futbolçular kiçik qruplara bölünərək, toplu çalışmalar etdiyi vaxtda Foqts meydanın mərkəzində 3 məşq dirəyindən “canlı sədd” düzəltdi. Almaniyalı çalışdırıcı müdafiəçi Əli Gökdəmir, yarımmüdafiəçi Vüqar Nadirov və hücumçu Cihan Özkaranı yanına çağıraraq, onlarla bir müddət hazırlıq keçdi. Bu, Şimali İrlandiya ilə oyunda bizə uğur qazandıra biləcək ev tapşırığı idi. Yəni belə rəqiblə oyunda əlimizə düşən hər fürsətdən, cərimə zərbələrindən maksimum istifadə etməliyik. Futbolçulardan Vüqarla Əlidən biri 3-cü ötürməni Andrey Popoviçin qoruduğu qapıya zərbə vururdular. Üçlük qapıya birbaşa zərbələri də yoxladılar.

Ardından Foqts digər üçlüyü - müdafiəçilər Ruslan Abışovla Rasim Ramaldanov və hücumçu Rauf Əliyevi yanına çağırdı. Bu dəfə Nadirovun yerinə yetirdiyi künc zərbələrindən sonra dirəyin, qapıçının yanında olan 3 ucaboylu futbolçu britaniyalıların qarşısını almaq elementləri üzərində işlədi. Həmin anda Ruslan dirəyi qoruyursa, Rasim rəqib hücumçu sayılan Raufu tuturdu. Qeyd edim ki, Vüqarın topu yaxşı fırladaraq, birbaşa qapıya göndərə, hətta tora qovuşdura bilirdi.

Digər cinahdan künc zərbələrini Cavid Hüseynov yerinə yetirdi. Bu dəfə tapşırıq başla topu qapıya göndərmək idi. Hüseynov da künc zərbələrini yaxşı yerinə yetirərək, hücuma qoşulan Abışovla Ramaldanov topla təchiz edirdi. Hər 2 müdafiəçimiz qol vura bildi. Xüsusilə Rasimin başla zərbələri daha təhlükəli alınırdı və o, topu Ruslandan çox qapıdan keçirdi.

Məşqin sonunda futbolçular qapıya zərbələr üzərində işlədilər. Bu zaman hər 3 qapıçı – Popoviçlə yanaşı, Anar Nəzirovla Səlahət Ağayev də iş başında idi. Onlar növbəliliklə zərbələri dəf edirdilər.

Bununla da Şimali İrlandiya ilə oyuna hazırlığı başa vuran yığmamız oyun saatını gözləyir. Sabah matça qədər gəzinti və taktiki məşğələnin olacağı gözlənilir.

Qeyd edək ki, noyabrın 10-dan Belfastda olan yığmamız Şimali İrlandiya ilə sabahkı matçı Bakı vaxtilə saat 23:45-də başlayacaq.

Mehman SÜLEYMANOV
BELFAST