Maykl O’Nil: Azərbaycanla oyunda 3 xal qazanmağın zamanıdır
14.11.2012 - 11:51
Maykl O’Nil: Azərbaycanla oyunda 3 xal qazanmağın zamanıdır
“Biz seçmə mərhələdə 3 oyun keçirmişik. Bunlardan birində uduzmuşuq, ikisində isə heç-heçə etmişik. İndi isə 3 xal qazanmağın zamanıdır”. Apasport.az saytının məlumatına görə, bunu Şimali İrlandiya yığma komandasının baş məşqçisi Maykl O’Nil deyib.

Ötən ilin dekabrın 28-də komandaya baş məşqçi təyin olunan O’Nil hələ də qələbə üzünə həsrətdir. Onun rəhbərliyi altında irlandiyalılar 6 oyunun heç birində qalib gələ bilməyiblər. Bu görüşlərdə 3 bərabərlik və 3 məğlubiyyət qeydə alınıb.

Bu səbəbdən 43 yaşlı çalışdırıcı bu gün millimizlə keçirəcəkləri oyunda sindromu qırmaq arzusundadır: “Baş məşqçi kimi ilk qələbəmi qazanmaq istəyirəm. Özü də 3 xalı məhz bu futbolçularla əldə etmək niyyətindəyəm. Azərbaycanla oyunda qələbə bizim üçün çox vacibdir. Çünki qarşılaşma başa çatdıqdan sonra 4 aylıq fasilə olacaq. Hamı fasiləyə müsbət nəticə və oyunla getmək istəyər. Əgər Azərbaycana qalib gələ bilməsək, o zaman mənim üçün bu fasilə çox uzun çəkəcək”.