“Xal qazanmaq üçün bu oyundan yaxşı şans ola bilməz” - FOTO
14.11.2012 - 17:15
“Xal qazanmaq üçün bu oyundan yaxşı şans ola bilməz” - FOTO
“Gücümüzü bilirik. Bu üzdən 3 xala iddialıyıq. Həmişəki kimi Şimali İrlandiyanı təmsil edirik və sərbəst ola bilmərik. Biz 100 faiz yaxşı nəticə qazanmalıyıq”. Apasport.az saytının məlumatına görə, bunu Şimali İrlandiya yığmasının kapitanı Stiven Devis deyib.

“Sauthempton”un mərkəz yarımmüdafiəçisi DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində bu gün qarşılaşacaqları Azərbaycan milli ilə oyunda şanslarından danışıb: “Xal qazanmaq üçün bu oyundan yaxşı şans ola bilməz. Əminəm ki, hər 2 komandanın matçdan xalla ayrılmaq imkanı var. Ancaq biz Portuqaliyadan yaxşı nəticə ilə qayıtdıqdan sonra bu görüşü səbirsizliklə gözləyirdik. 3 xal qazanmağa daha böyük ehtiyacımız var”.

27 yaşlı Devis yerli mətbuata verdiyi açıqlamasında millimizi tərifləməyi də unutmayıb: “Bununla belə, Azərbaycanın Rusiyaya qarşı yaxşı oynamasını unutmamalıyıq. Onlar uzun müddət qapılarını toxunulmaz saxlamaqla rusları məyus etməyi bacardı. Rəqib yenə eyni cür oyun nümayiş etdirə bilər. Ancaq biz də oyundakı üstünlüyümüzü göstərməli və qol şansları yaratmalıyıq”.

Qeyd edək ki, Şimali İrlandiya – Azərbaycan matçı saat 23:45-də başlayacaq.