“Azərbaycan xalqından üzr istəyirəm”
16.11.2012 - 00:09
“Azərbaycan xalqından üzr istəyirəm”
“Şimali İrlandiya ilə oyunda qolu axırıncı dəqiqədə buraxmağımız bizi çox üzdü. Düzdür, onların da çox qol imkanı oldu. Bizim də qol vurmaq şanslarımız vardı”. Bu fikirləri apasport.az saytının Belfasta ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycan milli komandasının debütantı Elhad Nəziri deyib. Yığmamızda ilk oyununu 2014-cü il dünya çempionatının seçmə mərhələsində Şimali İrlandiya yığması ilə səfərdə 1:1 hesabı ilə nəticələnən matçda keçirən 20 yaşlı müdafiəçi digər debütant – zədələndiyinə görə mübarizəni davam etdirə bilməyən Rasim Ramaldanovu əvəzlədi.

Uzun müddət hesabda 1:0 irəlidə olduğumuz oyunda qolu son saniyələrdə məhz Elhadın qayda pozuntusuna görə qapımıza təyin olunan cərimə zərbəsindən sonra buraxdıq: “Həmin epizodda rəqibə demək olar heç nə toxunmadım. Öz-özlüyümdə toxunmadığımı bilirəm. Ancaq hakim belə qərar verdi. Sonda heç nədən qol buraxdıq. İstəməzdik ki, belə olsun. Yenə də şükür Allaha, rəqib meydanında 1 xal götürə bildik. İnşallah, qarşıdakı oyun haqda fikirləşirik. Bu oyunu uduza da bilərik. Ancaq Allaha çox şükür ki, 1 xal götürə bildik”.

Moldovanın “Milsami” klubunda çıxış edən Nəziri debütündə belə olayın baş verdiyinə görə üzülərək, xalqımızdan üzr istəyib: “Təəssüf hissi yaşayıram ki, mən qayda pozuntusu elədim və bundan sonra qol vurdular. Bəlkə də bunu etməsəydim, 1:0 hesabı ilə qalib gələrdik. Yenə də özümdə səhv görürəm. 3 xalı axırıncı dəqiqələrdə buraxdığımıza görə bütün Azərbaycan xalqından üzr istəyirəm. Çalışacağam ki, bundan sonra belə səhv etməyib, daha yaxşı oynayım”.

Mehman SÜLEYMANOV