“Berti Foqts məndən üzr istədi”
16.11.2012 - 12:55
“Berti Foqts məndən üzr istədi”
“Həmin gün xoş olmayan gecə idi. Bu, bizim üçün ən uğursuz oyunlardan biri idi”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Şimali İrlandiya millisinin baş məşqçisi Maykl O’Nill deyib.

43 yaşlı çalışdırıcı bildirib ki, Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts oyundan sonra ondan üzr istəyib. O’Nill matçın idarəçiliyindən də narazılığını gizlətməyib: “Azərbaycanlılar hesabı açdıqdan sonra biz oyunda tamamilə üstünlüyə yiyələndik. Bu üzdən qələbə qazanmalı idik. Foqts qarşılaşma başa çatdıqdan sonra futbolçularının meydanda vaxt aparmasına görə məndən üzr istədi. Oyun ərzində dəfələrlə məşqçilər narazılıqlarını bildirmək üçün meydançaya yaxınlaşırdı. Məncə, baş hakim oyuna nəzarət edə bilmirdi və bu matça daha yaxşı hazırlaşmalı idi”.

O’Nillin rəhbərliyi altında 7-ci, ardıcıl isə 11-ci qarşılaşmada da qələbə qazana bilməyən Şimali İrlandiyada məşqçi dəyişikliyi olmayacaq. Belə ki, “Nyukasl”ın sabiq yarımmüdafiəçisi baş məşqçi postunu tərk etməyəcəyini bildirib: “Futbolçularım 96-cı dəqiqədə ədaləti bərpa etdi, ancaq Devidin (Hilini nəzərdə tutur-red) qolu bərabərliyə yetdi. Biz futbolçulara inanmağa və onların üzərində işləməyə davam etməliyik. Evdə iki zəif komanda ilə qarşılaşmada xal itirəcəyimiz gözlənilməz oldu. Ancaq biz artıq səfərdə xal qazana biləcəyimizi göstərmişik. Üzərimdə təzyiq hiss etmirəm. Əvvəlki kimi işimə davam edəcəm”.