“Azərbaycan futbolçularının vaxtı bu şəkildə uzatması rüsvayçılıq idi”
19.11.2012 - 12:27
“Azərbaycan futbolçularının vaxtı bu şəkildə uzatması rüsvayçılıq idi”
“Azərbaycan futbolçularının vaxtı bu şəkildə uzatması rüsvayçılıq idi. Mənə elə gəlir ki, bu, onların oyun tərzinin bir hissəsi idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Şimali İrlandiya millisinin futbolçusu Qaret Makoli deyib.

DÇ-2014-ün seçmə mərhələsinin Azərbaycan yığması ilə Belfastdakı oyununu unuda bilməyən Makoli Elhad Nəzirini tanımasa da, onun hərəkətini yaxşı xatırlayır: “Heyətlərində 3 nömrəli futbolçu var idi. Meydana çıxandan cəmi 10 dəqiqə sonra qıc olmaq adı ilə vaxtı uzatdı. Bütün bunlara görə hakim 6 dəqiqə əlavə etdi. Məncə, hələ bu da az idi. Biz hakimin bu qərarından narazı idik. Lakin danışa bilmirdik. Çünki onun vərəqələrdən istifadə etmək imkanı var idi”.

Makoli 1:1 hesabının meydandakı qüvvələr nisbətini əks etdirmədiyini düşünür: “Biz Azərbaycan yığmasından 1000 dəfə güclü idik. Amma imkanları bir-birinin ardınca qaçırırdıq. Yığmamızda qol imkanı qaçırmayan qalmadı. Bu, çox üzücü idi. Yeganə təsəllimiz azarkeşlərin sonadək bizi dəstəkləməsi idi”.