“Azərbaycan atletikası həvəskar səviyyədədir” - MÜSAHİBƏ
29.12.2012 - 16:55
“Azərbaycan atletikası həvəskar səviyyədədir” - MÜSAHİBƏ
Atletika üzrə Azərbaycan milli komandasının üzvü Dmitri Marşinin apasport.az saytına müsahibəsi

- London Yay Olimpiya Oyunlarından yarım il keçib. Hazırda nə işlə məşğulsunuz?
- İndi uşaqlar üçün yeni il hədiyyələri almaqla məşğulam. Amma bayram ərəfəsində olmasına baxmayaraq, səhər də məşqimi etmişəm. Ümumiyyətlə, hazırlıqlarıma ara vermirəm. Məşqlərimi davam etdirib qarşıdakı turnirlərə hazırlaşıram. Yayda bir neçə ciddi sınaq var.

- Belə çıxır ki, 40 yaşınız olsa da karyeranızı davam etdirəcəksiniz...
- Bəli. Karyeramı bitirməyə hazırlaşmıram. Ən azı qarşıdakı ildə karyeramı davam etdirəcəm. Mümkün olsa isə lap növbəti olimpiadaya qədər çıxışlarımı dayandırmayacağam.

- Bəs yaş özünü göstərmir?
- Bəzən ağrılar olur. Belimdə, bədənimin başqa hissələrində ağrılar hiss edirəm. Lakin bu hələ o qədər ciddi olmadığından karyeramı davam etdirirəm.

- Çoxları sizin artıq məşqçiliyə başlayacağınızı gözləyirdi. Belə fikriniz yoxdur?
- Məşqçi kimi çalışmaq təklifi alsam, pis olmaz.

- Belə təklif almamısınız?
- Hələ yox.

- Yayda məsul sınaqlarınız olacağını dediniz. O vaxta kimi başqa ciddi turnir nəzərdə tutulmayıb?
- Bu ay Avropa kuboku turniri keçirildi. Orda iştirak edəcəyim gözlənilirdi. Lakin sifariş vərəqini verməkdə gecikdiyimizdən bu mümkün olmadı.

- Olimpiadadan sonra Azərbaycana gəlmisiniz?
- Yox. Amma çox istəyərdim ki, gəlim.

- London-2012 öncəsi ölkəmizdə idiniz. Azərbaycan haqda hansı təəssüratınız qalıb?
- Mən Bakıda çox olmuşam. Bu il də, ondan əvvəl də. Hər gələndə Bakının daha da gözəlləşdiyinin şahidi olmuşam. “Avroviziya” mahnı müsabiqəsi zamanı isə şəhəriniz lap yaraşıqlı idi.

- Həmin vaxt Bakıda idiniz?
- Londona getmək üçün sənədlərimizin hazırlanması ilə məşğul idik. Azərbaycandakı “Avroviziya” həyəcanının canlı şahidi oldum.

- Bəs idman planında ölkəmizdə gördükləriniz haqda nə deyə bilərsiniz?
- Ümumi idman haqda danışa bilmərəm. Mən əsas atletikanı görmüşəm. Hələlik Azərbaycan atletikası həvəskar səviyyədədir. Azərbaycanda güləş daha çox yüksək peşəkarlığa malikdir. Lakin bu da nəticə ilə bağlıdır. Orada nəticələr də var. Atletikada da nəticə olandan sonra bu idman növünə münasibət də dəyişəcək, peşəkarlıq da artacaq.

- Qarşıdakı ildə də Azərbaycanın bayrağı altında çıxış edəcəksiniz?
- Əlbəttə. Mən Azərbaycan yığmasının üzvüyəm.

- Həmyerliləriniz arasında sizin kimi Azərbaycan millisinə cəlb olunmaq arzusunda olanı varmı?
- Bu bir az çətin məsələdir. Əksər güclü idmançılar öz yığmalarına bağlıdır. Yalnız zədələnəndə, formadan düşəndə millidən kənar düşürlər. Həmin vaxt başqa variant axtarmağa başlayırlar ki, onda da bu idmançıları geri qaytarmaq yada düşür. Belələrinin dalınca düşməkdənsə, yeniyetmələrin Azərbaycan yığmasına cəlb olunması daha məqsədəuyğundur. Məktəbləri axtarıb 13-15 yaşında yeniyetmələri milliləşdirmək olar. Belə də onların yetişməsində Azərbaycanın da rolu olacaq. Bu tip idmançılar Azərbaycanın öz yetişdirdiyi legionerlər olacaq. Bunun üçün Azərbaycanda şərait də olmalıdır: idman məktəblərində atletika bölmələri, stadionlar. Orada mənim çıxış etdiyim çəkicatma növündə məşq etməyə yer də yoxdur. Amma məncə, bütün bunları həll edib yoluna qoymaq olar. Həmin yığılan yeniyetmələr üçün yay düşərgələri təşkil edib orada məşqlərini etməyə də şərait yaratmaq da mümkündür. Düzdür bunun üçün onların valideynlərinin də razılığı alınmalıdır, yaxşı məşqçilər də işə cəlb olunmalıdır.

- Artıq 2012-ci il başa çatır. Bu ili necə dəyərləndirirsiniz?
- Olimpiadadakı uğursuzluğu nəzərə almasaq il yaxşı keçdi. İlin ilk yarısı ümumiyyətlə uğurlu alındı. Həmin vaxt Azərbaycan rekordunu da yenilədim. Təxminən 25 illik əbədi rekordu qırdım. Əvvəlki göstərici 1988-ci ildən, hələ SSRİ dövründən qalmışdı. Lakin London Olimpiadasında nə baş verdiyini anlamadım. Sonradan məşqçimlə çox təhlil etdik. Amma artıq gec idi. Buna baxmayaraq 2012-ci ili karyeramda müsbət saya bilərəm. İl ərzində yüksək nəticələr göstərdim.