“Rəvan”da istisna
20.01.2013 - 17:02
“Rəvan”da istisna
Yanvarın 10-dan təlim-məşq toplanışına start verən, 6 gün sonra məşqləri intensivləşdirən “Rəvan” çempionatın yerdə qalan bölümünə hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Bakı təmsilçisinin rəqibi əvəzedicilərdən ibarət komandası olub. Bayıl qəsəbəsində eyniadlı stadionda keçirilən oyunda əsas komanda Xuan Manuel Vareanın vurduğu 2 qolla qalib gəlib.

Hər iki baş məşqçi – həm Ramil Əliyev, həm də Elşad Quliyev düşərgədə olan yeni futbolçuları sınayıb. Bu üzdən klublar hər hissədə fərqli heyətlərlə meydana çıxıb. Əsas komandada baxışda olan serbiyalı Miloş Adamoviç istisna təşkil edib: o ikinci yarıda da meydana çıxıb. Adamoviçlə bağlı onu vurğulayaq ki, Miloş OFK-nın yetirməsidir və dayaq yarımmüdafiəçisidir. O bu klubdan başqa, Serbiyada “Palilulats”, Vranye “Dinamo”su, Moldovada “Şerif”, Polşada “Poloniya”, Qazaxıstanda “Taraz” və “Sunkar” klublarının şərəfini qoruyub. Adamoviç “Rəvan”a sonuncu komandadan gəlib. Məşqçilər korpusu yenilərlə bağlı qərarını yaxın günlərdə açıqlayacaq.

Qeyd edək ki, “Rəvan” növbəti yoxlama oyununu yanvarın 24-də I divizion təmsilçisi “Qaradağ Lökbatan”a qarşı keçirəcək. Əvəzedicilərdən ibarət komanda isə ayın 28-də MOİK-lə üz-üzə gələcək. Onlar yaxın günlərdə hazırlıq məqsədilə Salyana da üz tutacaqlar.