“Erik Ramos mənim dostumdur”
27.01.2013 - 16:07
“Erik Ramos mənim dostumdur”
“Azərbaycanda paraqvaylı futbolçunun oynadığını bilirəm. Bu, “Neftçi”də çıxış edən Erik Ramosdur”. Bu fikirləri apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşına açıqlamasında “Bakı”ya baxışa gələn paraqvaylı futbolçu Pedro Avqustin Vera Brites deyib.

28 yaşlı futbolçu “Neftçi”nin yarımmüdafiəçisi olan həmyerlisi Erik Ramosu yaxşı tanıdığını bildirib: “O, mənim dostumdur. Erik Azərbaycan haqda xoş sözlər deyib. Menecerimin vasitəçiliyi ilə bura gəldim. Yoxlama oyununda özümü yaxşı göstərməyə çalışacağam”.

2011-ci ildən karyerasını Çilidə keçirən 28 yaşlı mərkəz yarımmüdafiəçisi bu ölkənin də Azərbaycandakı yeganə təmsilçisini tanıyır: “Bilirəm ki, çilili hücumçu Nikolas Kanales də ölkənizdə oynayır. Onunla əlaqəm olur. Kanalesin həmyerlim Ramosla “Neftçi”də komanda yoldaşları olduqları, Avroliqanın qrup mərhələsində uğurlu çıxış etdikləri haqda da məlumatım var”.

Mehman SÜLEYMANOV
ANTALYA