Rəqibimizə qələbə qazandırdı, millimizin oyununu idarə edəcək
14.03.2013 - 13:27
Rəqibimizə qələbə qazandırdı, millimizin oyununu idarə edəcək
Milli komandamızın martın 22-də Lüksemburqla görüşünü idarə edəcək Padrayq Sattonun kimliyinə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, 1977-ci ilin avqustun 24-də İrlandiyada doğulan Satton 2011-ci ildən beynəlxalq oyunlara təyinat almağa başlayıb.

Bu üzdən hazırda UEFA-nın 3-cü kateqoriyalı hakimi olan Satton cəmi 8 beynəlxalq oyun keçirib. İngilislər tərəfindən adı “Patrik” kimi tanınan referinin təyinat aldığı ilk beynəlxaq görüşü 2011-ci ilin martın 24-nə təsadüf edib. Həmin vaxt o, İsveçrə və Ukraynanın U-17-lərinin Avropa çempionatının elit mərhələdəki görüşünü idarə edib.

İrlandiyalı hakim əsas yığmaların iştirakı ilə keçirilən oyunlara 2-ci dəfə təyinat alır. Onun ilk belə idarəçiliyi ötən ay baş tutub. Onda Satton millimizin qrupdakı rəqibi olan İsrailin Finlandiya ilə yoldaşlıq görüşündə (2:1) hakimlik edib. 8 oyunda 2 qırmızı vərəqə göstərən 36 yaşlı referi 3 dəfə də qapılara penalti təyin edib.

Qeyd edək ki, Satton nə Lüksemburq, nə də ölkəmizin təmsilçilərinin iştirakı ilə görüşlərdə heç vaxt fit sahibi olmayıb.