Federasiyadan xəbərdarlıq: Ronaldoya yaxınlaşmayın!
18.03.2013 - 16:48
Federasiyadan xəbərdarlıq: Ronaldoya yaxınlaşmayın!
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Portuqaliya yığmasının futbolçusu Kriştianu Ronaldo İsrail Futbol Federasiyasını ziyana salıb. Apasport.az saytının məlumatına görə, buna səbəb DÇ-2014-ün seçmə mərhələsinin martın 22-də İsrailin Ramat-Qan şəhərində baş tutacaq oyunundan əvvəl yaranan ajiotajdır.

Belə ki, dünyanın 2 ən güclü futbolçusundan biri olan Ronaldoya maraq İsraildə çox böyükdür. Bu üzdən meydan sahibləri qonağı qorumaq qərarına gəlib. Bu məqsədlə Kriştianu üçün şəxsi mühafizə təşkil olunub. İspaniya “Real”ının ulduzu İsraildəki 4 gün ərzində mühafizə olunacaq. Bundan başqa Portuqaliya yığmasını onlarla polis əməkdaşı və təhlükəsizlik xidməti nümayəndələri qoruyacaq.

Bununla kifayətlənməyən federasiya azarkeşlərə müraciətlə bəyanat hazırlayıb. Azarkeşlərdən xahiş olunur ki, Ronaldonu görmək üçün qonaqların yeganə açıq məşqinə və onların qaldığı otelə hücum çəkilməsin. Yerli polis isə sosial şəbəkələr vasitəsilə biletləri 800 dollara satmağa çalışan alverçiləri izləməkdədir.

Qeyd edək ki, martın 22-də İsrailin qonağı olacaq Ronaldo və yoldaşları 4 gün sonra Bakıda Azərbaycan yığması ilə qarşılaşacaq.