Berti Foqtsdan növbəti yubiley
22.03.2013 - 00:00
Berti Foqtsdan növbəti yubiley
Bu gün Azərbaycan millisi növbəti oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, Lüksemburqun “Jozi Bartel” stadionunda Lüksemburq yığması ilə keçiriləcək DÇ-2014-ün seçmə oyunu millimizin tarixində 194-cü qarşılaşma olacaq.

1992-ci ildən bu yana 21 illik tarixində 193 oyuna çıxan komandamız bu görüşlərdə 35 qələbə qazanıbsa, 49 heç-heçə edib və 109 dəfə meydanı məğlub tərk edib. Yığmamız səfərdə uduzmasa, 85-ci dəfə meydanı məğlubiyyətsiz tərk edəcək. İndiyədək 135 dəfə fərqlənən milli öz qapısında 338 qol görüb.

Qarşılaşma yığmamızın dünya və Avropa çempionatlarının seçmə mərhələlərinsə 93-cü oyun olacaq. Bu matçlarda 8 qələbəsi və 15 heç-heçəsi olan millimiz 69 dəfə uduzub. Rəqib qapısına 43 dəfə yol tapan futbolçularımız 209-nu buraxıb.

DÇ seçmə mərhələlərində isə 43-cü oyun ərəfəsində komandamızın 3 qələbəsi və 9 heç-heçəsi var. 30 dəfə məğlub olduğumuz qarşılaşmalarda 14 top vuran millimiz qapısında 80-ni görüb.

Lüksembuqrdakı görüş Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun bu postda 55-ci oyunu olacaq. “5”ləri cütləşdirən almaniyalı mütəxəssis 2008-ci ilin martından indiyədək 12 qələbəyə sevinib, 15 heç-heçə görüb və 27 dəfə yetirmələrinin üzüntüsünə şərik olub. Bu matçlarda yığmamız 43 qolun sevincini yaşayıbsa, 80 dəfə qapıçımız topu tordan çıxarıb.

Foqtsun yetirmələri yubiley – 25-ci seçmə oyununa çıxacaq. Yubileyə qədərki 24 qarşılaşmada 3 qələbəsi olan yığmamız 5 dəfə heç-heçə edib və 16 matçda məğlub olub. Bu oyunlarda top fərqi 16:46-dır.