14 saatlıq yol və ya Lüksemburqda millimizi gözləyərək
20.03.2013 - 21:51
14 saatlıq yol və ya Lüksemburqda millimizi gözləyərək
Azərbaycan milli komandası 2014-cü il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Lüksemburq yığması ilə səfər oyununa Bakıdakı hazırlığını başa vurub. Apasport.az saytının məlumatına görə, millimiz martıın 22-də keçiriləcək matça paytaxtdakı hazırlığının son günündə 1 məşqlə - səhər çalışması ilə kifayətlənib.

Belə ki, almaniyalı baş məşqçi Berti Foqts azərbaycanlıların ən əziz bayramlarından olan Novruzu, son çərşənbəni nəzərə alaraq, martın 19-da saat 16:15-dəki məşq prosesini təxirə saldı. Millinin planlarında dəyişiklik olduğundan, yığma üzvləri bir qədər istirahət etmək imkanı qazandılar. Məsələ ondadır ki, komandamız bu gün əvvəl nəzərdə tutulduğu kimi, saat 11:00-da yox, 18:00-da çarter reysilə ilə Lüksemburqa yollanıb.

5 saata yaxın yol qət edəcək milli sabah iş başında olacaq. Belə ki, Foqts yerli vaxtla saat 12:00-da (Bakı vaxtilə saat 15:00-da) yığmanın qaldığı “Park-Hotel-Alvisse” otelində mətbuat konfransı keçirəcək. Bundan 3 saat 30 dəqiqə sonra isə milli matçın keçiriləcəyi “Jozi Bartel” stadionunda ilk 15 dəqiqəsi mətbuat üçün açıq olan məşqə çıxacaq.

Oyunu işıqlandırmaq üçün ezam olunan azərbaycanlı jurnalistlər isə artıq Lükdsemburqdadır. Belə ki, apasport.az saytının əməkdaşının da yer aldığı 8 nəfərlik nümayəndə heyəti millidən əvvəl Knyazlıq ölkəsinə çataraq, onun yolunu gözləyir. Bizlər bu səhər 6-da səfərə çıxaraq Bakı-Moskva-Münhen-Lüksemburq reysilə ilə 14 saatlıq yolu qət edərək məkana çatdıq.

Mehman SÜLEYMANOV
Lüksemburq