Berti Foqts: Azərbaycan millisini Lüksemburqla oyunda favorit görmürəm - MÜSAHİBƏ
21.03.2013 - 15:58
Berti Foqts: Azərbaycan millisini Lüksemburqla oyunda favorit görmürəm - MÜSAHİBƏ
Bu gün Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Lüksemburqda mətbuat konfransı keçirib. Apasport.az saytının Lüksemburqa ezam olunmuş əməkdaşının məlumatına görə, millimizin qaldığı “Park-Hotel-Alvisse” otelində jurnalistlər qarşısına çıxan almaniylı çalışdırıcı yerli mətbuat nümayəndələrinin də suallarını cavablandırıb.

Foqts ilk olaraq Lüksemburq yığması ilə sabahkı rəsmi matç öncəsi hazırlıq haqda fikirlərini bildirib.
- Hazırlıq artıq sona çatdı. Bu gün stadionda son məşqimiz olacaq. Məşq prosesindən çox razı qaldım. Çətin məşqlərə baxmayaraq böyük həvəslə məşq ediblər. Ancaq mən həmişə demişəm ki, məşqlə oyun 2 fərqli şeydir. Futbolçular oyunda özlərini göstərməlidirlər və matça hərtərəfli hazırdılar. Rəqibin hansı nəticələr əldə etdiyini, Portuqaliyaya necə çətin anlar yaşatdığını, digər matçlarda yaxşı təsir bağışladığını bilirik. Azərbaycanla Lüksemburq Avropada kiçik ölkələrdir. Maraqlı qrupumuz var. Avropa futboluna daha yaxşı irəliləməyə çalışırıq. Kim daha az səhv etsə, o da qalib gələcək.

- Kamran Ağayev, Ruslan Abışov və bir sıra milli futbolçularda oyun praktikası var. Bu, oyun öncəsi sizi qayğılandırmır ki?
- Bu suala belə cavab verə bilərəm ki, məşq prosesini oyun şəraitində keçirik. Mən başa düşə bilmərəm ki, belə səviyyəli futbolçular niyə klublarında oynamırlar? Mən buna cavab verə bilmərəm. Sabah ən güclü olan 11 futbolçunu meydana buraxacam.

- Belə demək olar ki, Kamran start heyətində oynayacaq?
- Belə nəticə çıxartmaq lazım olduğunu demədim. Səlahət Ağayevin Şimali İrlandiya ilə oyunda yeganə səhvi 96-cı dəqiqədə oldu. Ancaq qapıçı pis oynamadı.

- Siz müsahibənizdə futbolumuzda inkişafın çox ləng etdiyini demisiniz. Bunu sürətləndirmək üçün nə etmək fikrindəsiniz?
- Mən Azərbaycanda işə yeni başlayanda klub məşqçiləri şəraitdən şikayətlənirdi. İndi son illərdə görürük ki, AFFA rəhbərliyi, dövlət səviyyəsində hər bir şərait yaradılıb. Ancaq mən həmin meydançalarda günorta məşq edənləri görmürəm. Məşqçilər deyə bilməzlər ki, hazırlıq keçməyə şərait, məktəblərdə futbol dərsi yoxdur. İndi onların Avropada olduğu kimi, işlərini düzgün qurmağının vaxtı gəlib. Onda Azərbaycan futbolunun inkişafı daha sürətli olacaq.

- Ancaq siz artıq 5 ildir ki, Azərbaycanda çalışırsınız...
- Mən futboldan getmək istəyirdim, gənclərlə çalışmağı arzulayırdım. Ancaq AFFA prezidenti, baş katiblə söhbətimdən sonra fikrimi dəyişdim. Onlar Azərbaycan futbolunun səviyyəsinin qalxmağına kömək etmək lazım olduğunu dedilər. Mən də buna həvəslə razılıq verdim. Klublar tərəfindən mənə daha çox yardım olmağını istəyirəm. Məsələn, dünyanın ən yaxşı futbolçusu Kriştianu Ronaldo məşqdən sonra 30-40 dəqiqə qalıb, özü məşq edir, qapıya zərbələr vurur. Mən istəyirəm ki, azərbaycanlı futbolçular da daha çox hazırlaşsınlar.

- Lüksemburq millisində əvvəlki oyununuzla müqayisədə çoxmu dəyişiklik görürsünüz?
- Rəqibə komplomentlər demək istəyirəm. Gənc baş məşqçiləri var. Portuqaliyaya 1:2 hesabı ilə uduzdquları oyunda heç-heçə etməli idilər. İsrailə qarşı pis oynayıblar. Hər şeyi təhlil etmişik. Lüksemburqun son illərdə belə inkişafını federasiya prezidentinin keçmiş futbol olmağı ilə əlaqələndirirəm. O, futbolun içindən çıxdığından, hər şeyi necə etmək lazım olduğunu yaxşı bilir. Klub rəhbərləri millinin oyunlarının azalmağını istəyir. Ancaq Mişel Platini nə qədər UEFA prezidentidirisə, buna imkan verməyəcək. 2014-cü ildən avqustda yoldaşlıq görüşləri ləğv olunub. Onu sentyabra salıblar ki, bu da seçmə mərhələyə düşür. Yığma az oynayacaqsa, Azərbaycan kimi kiçik ölkələr necə inkişaf edəcək?

- Azərbaycanlı azarkeşlər Novruz bayramında qələbəni bayram edə biləcəklər?
- Əgər mənim dediklərimi etsələr, bəxtimiz gətirsə, onda oyundan sonra bayram edəcəyik. Ancaq bizə bayram etməyə səbəb lazım deyil.

- Millimiz yenə müdafiə futbolu, yoxsa daha cəsarətli oynayacaq?
- İnşallah (bunu azərbaycan deyir). Rəqibin zəif tərəflərini deməyəcəm, çünki bundan istifadə etmək istəyirik. Lüksemburq yığmasında hücumçuları fərlqəndirərdim. Orda 16 yaşlı futbolçu var. Afrikadandır, ancaq Lüksemburqda oynayır. Gələcəyi parlaq futbolçudur.

- Azərbaycanı qrupda özündən sonra gələn Lüksemburqla oyunda favorit kimi görürsünüz?
- Yox. Biz səfərdə oynayırıq. İki xalımız var, ancaq daha çox olmalı idi. Şimali İrlandiya ilə oyunda buraxdığımız qələbəni deyə bilərəm.

- Biz Lüksemburqdan daha səviyyəli olduğumuz halda, niyə bəxtə güvənməliyik?
- Kim deyir ki, azərbaycanlı futbolçular ustalıq səviyyəsinə görə lüksemburqlulardan üstündür? Lüksemburq yığmasının oyunçuları Avropada oynayır, azərbaycanılar harda? Ruslan Abışov “Rubin”də neçə dəqiqə oynayıb? Biz Qazaxıstana gedəndə hansı hesabla qalib gəlməli olduğumuz haqda danışırdılar. Axırı necə oldu? Azərbaycanlı futbolçuların mentalitetini nəzərə almalıyıq. Biz səfərdə oynayırııq. Azərbaycanlı futbolçular isə ev və səfər oyunları fərqlidir.

- Bəs mentaliteti bu ildə niyə dəyişə bilməmisiniz?
- Futbolçunun səviyyəsini dəyişmək olar, mentalitetini yox.

Sonda Foqts bütün Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etdi.

Mehman SÜLEYMANOV
Lüksemburq