Ruslan Abışov: Belə oynasaq, hər şey bizim üçün yaxşı qurtaracaq
21.03.2013 - 16:14
Ruslan Abışov: Belə oynasaq, hər şey bizim üçün yaxşı qurtaracaq
“Lüksemburq yığması əsasən evdə daha yaxşı təsir bağışlayır. Aqressiv oynayırlar. Hər halda, biz oyuna daha yaxşı hazırlaşmışıq. Heyətimiz də yaxşıdır”. Apasport.az saytının Lüksembuqra ezam olunmuş əməkdaşının məlumatına görə, bu fikirləri Azərbaycan millisinin futbolçusu Ruslan Abışov bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 2014-cü il dünya çempionatının seçmə mərhələsində sabah qonağı olacaqları Lüksemburqla oyunda biri-birinə kömək etsələr, rəqibə qalib gəlməyə gücümüz çatar: “Yaxşı bilirik ki, bayramda hamı bizdən qələbə gözləyir. Rəqibi kiçiltmək istəmirik. Psixoloji gərginlik var, bunu hiss edirik. Ancaq komanda kimi mübarizə aparsaq, hər şey bizim üçün yaxşı qurtaracaq. Qələbə Portuqaliya ilə oyun öncəsi bizim üçün yaxşı stimul ola bilər”.

Abışov bu ildən Rusiyanın “Rubin” klubunda oynasa da, hələ ki debüt etməyib. Ancaq o, uzun müddətdir oyun praktikası sarıdan korluq çəkməyində problem görmür: “Artıq neçə illərdir millidə oynadığımdan, uyğunlaşma baxımından problem olmayacaq. Bundan sonra klubumda oynayıb, daha taxşı təsir bağışlayaram. İndi özümü yaxşı hiss edirəm və oyuna hazıram. Futbolda qolu hər bir mövqe oyunçusu vura bilər. Bu, o demək deyil ki, mütləq hücumçular vurmalıdır. Biz onlarla söhbət edib, dəstək oluruq. Hücumçularımız vurmasa, özümüz fərqlənməyə çalışacağıq”.

Mehman SÜLEYMANOV
Lüksemburq