Yenidən qoşa oyunlar: Autsayderi yenib, favoritin qarşısına çıx
21.03.2013 - 20:20
Yenidən qoşa oyunlar: Autsayderi yenib, favoritin qarşısına çıx
Sabah Azərbaycan milli komandası 2014-cü il dünya çempionatının seçmə mərhələsində növbəti sınağına çıxacaq. Apasport.az saytının məlumatına görə, yığmamız bu il ilk rəsmi oyununu Lüksemburqda onun millisi ilə keçirəcək.

Bununla da Berti Foqtsun yetirmələri cari seçmə mərhələdə ardıcıl 4-cü səfər oyununa çıxacaq. Belə ki, bunadək Portuqaliyada və Rusiyada müvafiq olaraq 0:3 və 0:1 hesabı ilə uduzan millilərimiz Şimali İrlandiyada 1:1 hesablı heç-heçə etdi. Seçmə mərhələyə Bakıda İsrail yığması ilə 1:1 hesablı bərabərliklə başlayan Foqtsun komandası Lüksembuqrdakı sınaqla səfər matçları seriyasına son qoyur. Artıq bundan sonra qalan 5 sınaqdan 4-ü öz meydanında olacaq ki, bununla da ev oyunlar seriyası başlayır.

İlk belə matç artıq gələn həftə, yəni Lüksembuqrla oyundan 4 gün sonra Bakıda olacaq ki, rəqib qrupumuzun favoritlərindən olan Portuqaliya yığmasıdır. Millimiz son 2 dəfə tək matçlara çıxmışdası, 6 aylıq fasilədən sonra yenidən qoşa oyunlarla üzləşəcək. Birinci belə sınaq İsraillə ev və Portuqaliya ilə səfər matçı olmuşdu ki, onda 1 qolla 1 xal qazana bildik.

Təbii ki, Kriştianu Ronaldonun kapitanı olduğu Portuqaliya millisi ilə matç nə qədər maraq doğursa da, yığmamızı hazırda Lüksembuqrdakı sınaq düşündürür. Rəqib meydanında oynasaq da, yalnız qələbə haqda fikirləşirik və buna şansımız da çoxdur. Hər halda, hesabında 2 xal olan yığmamız özündən sonra – qrupumuzun autsayderi olan Lüksemburqla üzləşir.

Foqts 4 günə 2 oyun keçirməli olduğundan, heyətdə dəyişiklər etməyin vacibliyini də nəzərə alacaq. Yəni 67 yaşlı almaniylı çalışdırıcı müəyyən futbolçuları Bakıdakı oyuna saxlamaq haqda da düşünə bilər. Ancaq bir şey aydındır ki, məhz sabahkı oyunda qələbə daha real olduğundan, millimiz əsas gücünü burada qoyacaq.

Yığmamızın son oyununda yoldaşlıq görüşü olsa belə, qələbə qazanmağı da ruh yüksəkliyindən xəbər verir. Belə ki, ötən ay fevralda Dubayda təlim-məşq toplanışında 2 yoldaşlıq görüşü keçirən Foqtsun yetirmələri Özbəkistanla qolsuz bərabərliyə qalandan sonra Lixtenşteyə 1:0 hesabı ilə qalib gəldi. Bu, Vaqif Cavadovun penalti zərbəsini dəqiq yerinə yetirməyi nəticəsində gerçəkləşdi. Necə deyərlər, indi onun davamını təxminən o gücdə olan digər “cirtdan”a qalib gəlməklə gətirmək lazımdır.

Mehman SÜLEYMANOV
Lüksemburq