Lüksemburq – Azərbaycan oyununa 300-ə yaxın azarkeşimiz gələcək
21.03.2013 - 20:39
Lüksemburq – Azərbaycan oyununa 300-ə yaxın azarkeşimiz gələcək
2014-cü il dünya çempionatının seçmə mərhələsi çərçivəsində sabah keçiriləcək Lüksemburq – Azərbaycan oyununu stadiondan 300-ə yaxın azarkeşimizin izləyəcəyi gözlənilir. Apasport.az saytının Lüksembuqra ezam olunmuş əməkdaşının məlumatına görə, bunu AFFA-nın baş katibi Elxan Məmmədov azərbaycanlı jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, gələn azarkeşlər əsasən tələbələrdir: “Onlar qonşu ölkələr – Fransa, Almaniya, Belçikadan gözlənilir. Əlavə olaraq Lüksemburqda 53 Azərbaycan vətəndaşı işləyir. Qonşu ölkələrin səfirliklərinin nümayəndələrinin də oyunu stadionda canlı izləyəcəkləri gözlənilir. AFFA tərəfindən 200 bilet alınıb və təbii ki, azarkeşlərə təmənnasız paylanılıb. Lüksemburqda Azərbaycan şirkətləri çalışır və onlar da təxmini 100-150 bilet alıblar. Biz artıq onlarla əlaqə yaratmışıq. Ümid edirəm ki, 300-ə yaxın Azərbaycan azarkeşi gəlsə, komanda üçün çox müsbət olar”.

Məmmədov azarkeşlərimizin Azərbaycanla bağlı atributlarla təmin olunacağını bildirib: “Hər zaman olduğu kimi, ənəni pozmamaq üçün təbii ki, onları bayraqlarla təmin edirik. İstəyirik ki, başqa ölkədə Azərbaycanın bayraqlarının sayı çox olsun. Komandamız da tribunalarda öz bayraqlarını görəndə, daha inamlı oyun nümayiş etdirsin”.

Qeyd edək ki, millimizin Lüksemburqla “Jozi Bartel” stadionunda keçiriləcək oyunu Bakı vaxtı ilə saat 23:15-də başlayacaq.

Mehman SÜLEYMANOV
Lüksemburq