Sevimli ay, yaxud Belfastda yarımçıq qalan işin tamamı
22.03.2013 - 10:00
Sevimli ay, yaxud Belfastda yarımçıq qalan işin tamamı
Mart mənim ən çox sevdiyim aylardandır. Təkcə ona görə yox ki, hər il bu ayın 18-də ad günümü qeyd edirəm. Ümumiyyətlə, mart bayramlar ayı sayılır və ən əsası, əziz bayramlarımızdan olan Novruzun bu vaxta düşməyi ona rəng qatır. Ancaq martın 20-dən olduğum Lüksemburqda Novruz ab-havası olmasa da, futbol ab-havası var. Bu da millimizin 2013-cü ildə ilk rəsmi oyununda qonağı olduğu Lüksemburq yığması ilə bugünkü matçda hansı nəticəni göstərəcəyi ilə bağlıdır.

İndiyədək mənə millimizlə birgə bir çox səfərlərdə olmaq qismət olsa da, budəfəki bir qədər fərqlidir. Əvvəla, həyatımda ilk dəfə bayramı Azərbaycandan kənarda iş şəraitində keçirməli oluram. Bunun ölkənin 1 nömrəli komandasının oyununun işıqlandırılmağı ilə bağlı olmağı istirahəti, uzun yolçuluğun yaratdığı yorğunluğu arxa plana salaraq, işə köklənməyə sövq edir. Mən eyni zamanda bu səfərə millimizin yarımçıq qalan işinin tamamlanmağı kimi baxıram və bunun həyata keçəcəyini böyük inamla gözləyirəm. Söhbət millinin son rəsmi oyununu keçirdiyi Şimali İrlandiya yığması ilə Belfastdakı matçdan gedir ki, onda bizi tarixi qələbədən saniyələr ayırdı. Millimiz 1:0 hesabı ilə irəlidə olduğu oyunda 90+6-cı dəqiqədə buraxdığı qolla 3 xalı əldən verdi.

Düzdür, həmin nəticə zəif olmayan rəqiblə səfərdə qazanıldığından, qələbəyə bərabər sayıldı. Ancaq tarixdə bu, istənilən halda heç-heçə kimi qalır və deməli, əsl qələbəni qazanmağın vaxtıdır. Yəni millimiz Belfastda yarımçıq qoyduğu işi bu gün Lüksemburqda sona çatdırmalıdır. Üstəlik, əgər artıq 1 dəfə bunu bacarıbsa. Yəni elə həmin “Jozi Bartel” stadionunda Lüksemburqa yoldaşlıq görüşündə olsa belə 2:1 hesabı ilə qalib gəldiyimizi unutmaq olmaz.

Millimiz belə matç öncəsi nə qətiyyən arxayınlaşmalı, nə də qələbənin vacibliyinə görə özünü psixoloji gərginlikdə saxlamalıdır. Onsuz da indiyə kimi arxayınlaşmağın əziyyətini çox keçmişik. Elə oyun öncəsi mətbuat konfransında millimizin baş məşqçisi Berti Foqtsla kapitanı Rəşad Sadıqovun 2011-ci ildə Qazaxıstan yığmasına səfərdə 1:2 hesabı ilə uduuğumuz rəsmi oyunu yaxşı yada saldılar. Onda da rəqibimiz qrup sonuncusu idi və qalib gələcəyimizə arxayın idik. Ancaq sən saydığını say, gör Sergey Qridin nə sayır. Qazaxıstan yığmasının hücumçusu etdiyu dublla bizə üzücü məğlubiyyət yaşatdı. Yəni Astanada əvvəldən 1 xala qane olmadığımız halda, ümumiyyətlə, xalsız qayıtdıq. Lüksemburqun da bizim kimi Şimali İrlandiyada 1:1 hesablı bərabərliyə qalaraq 1 xal qazanmağı, Portuqaliyaya evdə 1:2 hesabı ilə uduzduğu matçda ilk qolu vuraraq üstün durumda olmağı “cirtdan ölkə”nin yığmasını dəyərləndirməyə sövq edir.

Digər tərəfdən, “autsayder üzərində mütləq qalib gəlməliyik” kimi düşüncələr futbolçularda istər-istəməz psixoloji gərginlik yaradır. Gəlin etiraf edək ki, bir çoxları “Lüksemburqu da udmasaq, daha kimi udacağıq” deyə fikirləşir. Onların sözündə müəyyən mənada həqiqət də var. Fakt odur ki, biz qrup sonuncusu ilə üzləşirik və qələbə qazanmaq baxımdan ən münasib rəqib elə Lüksemburq yığmasıdır. Mən oyun öncəsi mətbuat konfransında futbolçulara – Rəşadla yanaşı oturan Mahir Şükürovla Ruslan Abışova psixoloji gərginliklə bağlı sualı əbəs yerə yox, onların bu haqda fikirlərinin mənim üçün maraqlı olduğundan verdim. Təsadüfi deyil ki, Abışov gərginliyin olduğunu etiraf etdi. Sadıqovun fikirləri isə kapitana layiq idi. Yəni milli oyuna sakit şəkildə hazırlayaraq, özünü “yandırmamalı” və matçın gedişində hər bir şeyə hazır olmalıdır.

Lüksemburqdakı oyun millinin ardıcıl çətin sınaqlarının sonuncusudur. Yəni 4 oyunluq səfər seriyası bitir və bunu qələbə ilə yekunlaşdırmalıyıq. Axı bu, 2013-də ilk rəsmi oyundaca qələbəmiz, cari seçmə mərhələdə ilk 3 xalımız olacaq. Bunun Novruzda qazanılmağı Şükürov demişkən, bayrama bayram qatacaq.

Həm də oyunun keçiriləcəyi martın 22-də yaz rəsmən qədəmlərini qoyur. Təbiətin oyanışı sayılan bu vaxtda millimiz uğurlu nəticənin təməlini qoymalıdır. Seçmə mərhələdə qalan 5 oyundan 4-nü evdə keçirəcəyimizdən, Foqtslu millinin öz rekordunu yeniləmək şansı böyükdür. İndi qazanacağımız qələbə bizi 5 xalla qrupda 4-cü yüksəldəcək. Bunu isə millimizin 21 illik tarixində görünməmiş nəticə saymaq olar. Hər halda, hazırda 4-cü yerdə olan Şimali İrlandiyanın Rusiya ilə ev oyununda qalib gələcəyindən daha çox xal itirəcəyi inandırıcıdır.

Əgər biz qarşımıza əsas məqsəd kimi 2016-cı ildə Avropa çempionatının final mərhələinə düşmək uğrunda mübarizə aparmağı qoymuşuqsa, indidən 4-cü, 3-cü yerlərdə qərarlaşmağı bacarmalıyıq. Artıq biz də seçmə mərhələnin sonunda 5-7 xalla kifayətlənməyib, bunu elə mübarizənin ortasında toplamalyıq.

Bir sözlə, özüm də daxil olmaqla bütün hamımız millimizdən bayramda yalnız qələbə gözləyir. Elə AFFA-nın baş katibi Elxan Məmmədov Lüksemburqda keçirdiyi brifinqdə yığmadan 3 xal gözlədiklərini açıq şəkildə bildirdi. İnanırıq ki, millimiz bizləri sevindirəcək və 23-də gecə saat 1-də bunun canlı şahidi olaraq qələbəni bayram edəcəyik. Qələbə üçün “ac” olan azərbaycanlı azarkeşlərə belə əziz gündə bundan gözəl hədiyyə ola bilməz. Şəxsən mən isə qalibiyyəti öz ad günümə hədiyyə sayacağam.

Mehman SÜLEYMANOV
Lüksemburq