“Ronaldo Azərbaycana gəlməməkdən ötrü bilərəkdən sarı vərəqə aldı”
23.03.2013 - 03:55
“Ronaldo Azərbaycana gəlməməkdən ötrü bilərəkdən sarı vərəqə aldı”
“Ronaldonun Bakıda bizə stimul verə də bilər, verməyə də. Çünki açığı, o, zəif komandalara qarşı oyunlarda ayağını qoruyur”. Apasport.az saytının Lüksemburqa ezam olunmuş əməkdaşının məlumatına görə, bu fikirləri Azərbaycan milli komandasının futbolçusu Rəşad Sadiqov deyib. O, 2014-cü il düna çempionatının seçmə mərhələsində millimizin növbəti rəqibi olan Portuqaliya yığmasının kapitanı Kriştianu Ronaldonun zəif rəqiblərə münasibət bildirib.

Məlum olduğu kimi, Kriştianu İsraillə 3:3 hesabı ilə nəticələnən səfər matçında sarı vərəqə alaraq, martın 26-də Bakıda keçiriləcək matçda cəzalı olduğundan oynamayacaq. Sadiqov onun bunu bilərəkdən etdiyini düşünür: “Mənə elə gəlir ki, Ronaldo Azərbaycana gəlməməkdən ötrü sarı vərəqəni bilərəkdən aldı. Ola bilər ki, onun oynamağı bəlkə xeyrimizə olardı. Çünki Lüksemburqla matçına da baxmışıq, Ronaldo meydanda demək olar görünmürdü. Bu da onunla bağlıdır ki, o, hər bir sərt oyundan ayağını çəkirdi”.

Qeyd edək ki, Ronaldo cari seçmə mərhələdə ilk sarı vərəqəni millimizə evdə 3:0 hesabı ilə qalib gəldikləri oyunda alıb.

Mehman SÜLEYMANOV
Lüksemburq