“Millimizin səfərdə Lüksemburqla heç-heçə etməyi pis nəticə deyil”
23.03.2013 - 04:27
“Millimizin səfərdə Lüksemburqla heç-heçə etməyi pis nəticə deyil”
“Deyərdim ki, komandamız Lüksemburqla matçda pis çıxış eləmədi. Futbolçularımız meydanda can qoydu, vuruşdular. Səfərdən heç-heçə ilə qayıdırıq. Məncə, bu, pis nəticə deyil”. Apasport.az saytının Lüksemburqa ezam olunmuş əməkdaşının məlumatına görə, bu fikirləri Azərbaycan milli komandasının futbolçusu Rasim Ramaldanov deyib.

2014-cü il dünya çempionatının seçmə mərhələsində Lüksemburq yığması ilə 0:0 hesablı bərabərlik etdiyimiz oyundan sonra bizlərin suallarını cavablandıran “Simurq”un kapitanı millidə nəhayət, öz doğma mövqeyində oynadı. Belə ki, mərkəz müdafiəçisi olan Rasim klubundan fərqli yığmada bunadək dayaq yarımmüdafiəçi mövqeyində çıxış edirdi: “Müdafiənin mərkəzində Rəşad Sadıqovun yanında oynayaraq, özümü çox rahat hiss edirdim. Düzdür, 1-2 vəziyyətdə səhvim oldu. Ancaq inşallah, gələn oyunlarda bunları buraxmarıq. Demək olmaz ki, məndə həyəcan vardı. Bu, böyük futbolda belə səviyyədə 2-ci oyunumdur. Səfər matçında top itkiləri olmalıdır. Həm də oyunun əvvəlində həmişə kişik səhvlər olur. Bunları sonra düzəltdik, hər şey yaxşı oldu. Qol lazım idi, onu da vura bilmədik. İnşallah, gələn matçlarda vurarıq”.

Ramaldanovun fikrincə, milli Lüksemburqda qazana bilmədiyi qələbəyə görə ruhdan düşməyib, martın 26-da Portuqaliya ilə Bakıdakı oyuna yaxşı vəziyyətdə çıxa biləcək: “Bu oyuna 4 gün vaxtımız var. Futbolçularımız yığışaraq səhvlər üzərində işləyib, Portuqaliyaya qarşı xal almaq üçün çıxacaq. Əslində, rəqib meydanında 1 xal qazansaq da, qalib gəlmək şansımız da vardı. Ola bilsin ki, penalti də var idi. Orda hakim bunu verməməklə haqsızlıq elədi. İnşallah, gələn oyuna yaxşı hazırlaşıb, Portuqaliyadan xal götürməyə çalışacağıq”.

Mehman SÜLEYMANOV
Lüksemburq