“Kriştianu Ronaldo Azərbaycanla oyunda da komanda ilə olacaq”
23.03.2013 - 11:16
“Kriştianu Ronaldo Azərbaycanla oyunda da komanda ilə olacaq”
Portuqaliya milli komandasının ulduz futbolçusu Kriştianu Ronaldo Azərbaycana gələcək. Apasport.az saytının xəbərinə görə, bu məlumatı portuqaliyalı həmkarlarımız əldə ediblər.

Belə ki, onlar DÇ-2014-ün seçmə mərhələsinin Bakıda keçiriləcək oyununda cəzalı durumda olacaq kapitanın komandanın yanında olacağını iddia edir. Həmkarlarımız bunu Portuqaliya Futbol federasiyasındakı mənbələrindən öyrəniblər.

Mənbə bildirib ki, Kriştianu millinin Azərbaycan səfərində də iştirak edəcək: “Ronaldo cəzalı duruma düşdüyü üçün Azərbaycanla səfər oyununda iştirak edə bilməyəcək. Lakin buna baxmayaraq, kapitan millinin düşərgəsini tərk etməyəcək. O, yığmamızla birlikdə İsraildən Azərbaycana yollanacaq. Ronaldo Azərbaycanla oyunda da komandanın yanında olacaq”.

Qeyd edək ki, İsraillə dünən keçirilən oyunda sarı vərəqə alan hücumçu cəzalı duruma düşdüyündən martın 26-da millimizlə görüşdə forma geyə bilməyəcək.