Güclü qar və yağış seçmə mərhələ oyunlarını təxirə salır
26.03.2013 - 16:37
Güclü qar və yağış seçmə mərhələ oyunlarını təxirə salır
Bu gün keçirilməli olan 2014-cü il dünya çempionatının seçmə mərhələsi oyunlarından 2-nin baş tutmağı sual altına düşüb. Apasport.az saytının məlumatına görə, Serbiya – Şotlandiya oyununun olacağı Novı Sad şəhərinə güclü qar yağdığından təxirə salınacağı gözlənilir.

Düzdür, futbol federasiyalarının nümayəndələrinin toplantısında hələ bu haqda yekun qərar verilməyib. Belə ki, stadionun qardan təmizlənməyinə çalışırlar. Əgər hava şəraiti pisləşərsə, oyun martın 27-si, yaxud 28-ə təxirə salınacaq.

Digər keçmiş Yuqoslaviya ölkəsində - Çernoqoriyada da hava şəraiti ilə bağlı problem yaranıb. Belə ki, paytaxt Podqoritsaya leysan yağmağı Çernoqoriya – İngiltərə matçının keçirilməyini sual altında qoyub. Dünən axşamdan başlayan güclü yağış bütün gecə olub. Səhər hava açılsa da, meydança çox bərbad vəziyyətdədir. Qazonun bir sıra yerlərində sadəcə gölməçələr var ki, bu da oyunun keçirilməyinə əngəl törədir.

Qeyd edək ki, Azərbaycan millisinin yer aldığı qrupda martın 22-də keçirilməli olan Şimali İrlandiya – Rusiya oyunu meydançada qar olduğuna görə təxirə salındı.