6 il öncəki kimi
27.03.2013 - 11:30
6 il öncəki kimi
2014-cü il dünya çempionatının seçmə mərhələsində dünən keçirilmiş Azərbaycan - Portuqaliya matçı 6 il öncə baş tutmuş qarşılaşmanın təkrarı oldu. Apasport.az saytının məlumatına görə, Pireney təmsilçisinin Tofiq Bəhramov adına Respublika stadionunda yenə 2:0 hesabı ilə qalib gəldiyi oyunda eyni futbolçular - müdafiəçi Bruno Alveşlə hücumçu Uqo Almeyda fərqləndilər. Özü də hər iki futbolçu bu dəfə də komandamızı başla cəzalandırdı. Onlar vaxtilə Fərhad Vəliyevi, dünənsə Kamran Ağayevi topu tordan çıxartmağa məcbur etdilər.

Maraqlıdır ki, Alveş yenə künc zərbəsindən sonra hesabı açdı. Fərq indi onun ikinci hissədə, 2007-ci ilin oktyabrın 13-də keçirilən matçda fasiləyədək qol vurmağıdır. Elə “Beşiktaş”ın hücumçusu Almeyda da 6 il öncə ilk hissədə, axırıncı oyunda fasilədən sonra sevinmişdi.

Digər maraqlı oxşarlıq millimizdə qırmızı vərəqələrlə bağlıdır. Əvvəl uduzduğumuz 0:2 hesablı məğlubiyyətdə kapitan Aslan Kərimov, bu dəfə hücumçu Rauf Əliyev rəqibi dirsəklə vurduğu üçün meydandan çıxarıldı. Kərimovdan Ronaldo, Əliyevdən Pepe zərbə aldı ki, portuqaliyalılar Madrid “Real”ında birgə çıxış edirlər.

Qeyd edək ki, millimizin qapısına 3-cü dəfə yol tapan Alveş yığmasında bizə ən çox qol vuran futbolçudur. Ronaldonun yoxluğunda son oyunda kapitan sarğısını daşıyan “Zenit”in ucaboylu müdafiəçisi başla yaxşı oynadığını cari seçmə mərhələdə ötən ilin sentyabrın 11-də Braqada yığmamıza 3:0 hesabı ilə qalib gəldikləri görüşdə də nümayiş etdirmişdi.

Mehman SÜLEYMANOV