İsrail Olimpiya Komitəsinin baş katibi: Bakıda gördüklərim mənim üçün sürpriz oldu
04.04.2013 - 16:15
İsrail Olimpiya Komitəsinin baş katibi: Bakıda gördüklərim mənim üçün sürpriz oldu
İsrail Olimpiya Komitəsinin baş katibi Efraim Zinger Azərbaycanda işgüzar səfərdədir. Apasport.az saytının məlumatına görə, Avropa Olimpiya Komitəsi Olimpiya Oyunları Komissiyasının sədri də olan Zinger bu gün Bakıda mətbuat konfransı keçirib. İsrailin Azərbaycandakı səfirliyində keçirilən jurnalistlərlə görüşündə səfir Rafael Harpas da iştirak edib.

Zingerin səfərində məqsəd 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarına hazırlıqla bağlı vəziyyətlə tanış olmaqdır. Həm o, həm də İsrailin ölkəmizdəki səfiri çıxışında Azərbaycanla müxtəlif sahələrdə sıx əlaqələrin olduğunu bildirib.

Zinger deyib ki, bu əlaqələri idman sahəsində də daha inkişaf etdirmək istəyirlər: “Avropa Oyunlarının Bakıda keçirilməyinə yekdilliklə səs verdik. Belə etimad Azərbaycanda idmana dövlət qayğısının nəticəsidir. Bakıda infrastrukturla bağlı gördüklərim mənim üçün sürpriz oldu. Azərbaycanın Olimpiadadakı uğurları İsrail üçün model ola bilər. Belə ki, ölkəniz Olimpiadada 1992-ci ildən çıxış edir və bu müddətdə 26 medal qazanıb. İsrail isə 1952-ci ildən Olimpiadada təmsil olunaraq, 7 medal qazanıb. Bunun birincisi isə 1992-ci ildə olub. Ölkəniz medalların çoxunu güləş idman növündə qazanıb”.