Lüksemburq yığmamız önünə milliləşdirilmiş futbolçu ilə çıxır
24.04.2013 - 13:08
Lüksemburq yığmamız önünə milliləşdirilmiş futbolçu ilə çıxır
Dünyada dəb halını alan milliləşdirmə Lüksemburq yığmasından da vaz keçməyib. Apasport.az-ın wort.lu saytına istinadən verdiyi məlumata görə, hersoqluq təmsilçisi tezliklə fransız Maksim Şanotu milliləşdirəcək.

Belə ki, Şanot 1989-cu il noyabrın 21-də Fransanın Nansi şəhərində doğulsa da, onun nənələrindən biri Lüksemburq vətəndaşı olub. Bu üzdən 23 yaşlı futbolçu bu cırtdan ölkənin vətəndaşlığını almaqda problemlə üzləşməyəcək.

Fransa və İngiltərə çempionatlarında “Nansi” və “Şeffild Yunayted” kimi klubların şərəfini qorumuş Şanot bu ilin yanvarında Belçikanın “Beersxot” klubu ilə 2,5 illik müqavilə bağlayıb. Lüksemburq yığmasının baş məşqçisi Luk Holts yığmamızla oyuna kimi Maksimə milli pasport verilməsini təmin etmək istəyir.

Qeyd edək ki, DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Lüksemburq oyunu iyunun 7-də baş tutacaq.