Azərbaycan Boks Federasiyasının (ABF) hesabat-seçki konfransından sonra brifinq keçirilib.
Apasport.az saytının məlumatına görə, quruma yeni prezident seçilən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev jurnalistlərin suallarını cavablandırıb.
O, Gənclər və İdman Nazirliyində baş tutan tədbirdə fikirlərini bölüşüb: “Cənab prezident İlham Əliyevin Milli Olimpiya Komitəsinə rəhbər seçilməsindən sonra Azərbaycanda idmanın bütün növlərinə dövlət tərəfindən böyük dəstək verildi. Təkcə son 15 il ərzində Azərbaycan idmanı önəmli beynəlxalq yarışlarda 945 medal qazanıb. Bu, ölkə başçısının idmana dəstəyinin ən bariz sübutudur. Boks Azərbaycanda böyük ənənələrə malik idman növüdür. Federasiya üzvlərinin mənə etimad göstərməsi, şərəfli vəzifəni həvalə etməsini böyük sevinc hissi ilə qarşıladım və bunun məsuliyyətinin böyüklüyünü dərk edirəm. İdmançılarımız, məşqçilərimiz, bütün boks ictimaiyyəti ilə birlikdə bu idman növünün inkişafı üçün birlikdə işləyəcəyik. Bu gün Olimpiya medalları sayına görə boks ikinci yerdədir. Boks federasiyasının əvvəlki rəhbərliklərinin dövründə kifayət qədər böyük infrastruktur yaradılıb, idmançılarımız himnimizi müxtəlif yarışlarda səsləndiriblər. İnanıram ki, bunu daha da inkişaf etdirəcəyik. Buna da potensialımız var. Həm uşaqlar, həm gənclər, həm qadınlar arasında boksun inkişafı üçün müxtəlif yarışlar təşkil etməli, seleksiyanı daha da genişləndirməliyik. Azərbaycan idmançılarının böyük yarışlarda daha aktiv iştirakı üçün tədbirlər görməliyik. Azərbaycanda beynəlxalq səviyyəli hakimlərin artırılması, məşqçilərin kvalifikasiyasının artırılması ana hədəflərimizdən biri olmalıdır. Regionlarımızda da mövcud olan gənclərin üzə çıxarılması ilə potensialımızdan geniş yaralana biləcəyik. Azərbaycanın bütün bölgələrində hər zaman boksa maraq olub. Ən önəmlisi, istedadlı gənclərin peşəkar hazırlığa cəlb edilməsi nailiyyətləri artırmağımıza imkan verəcək. Bu il bütün kateqoriya üzrə 7 mötəbər yarış olacaq. İnanırıq ki, bu yarışlarda Azərbaycan idmançıları ən layiqli şəkildə iştirak edəcək. Federasiya üzvləri qarşısında da çıxışımda bildirdim ki, üzvlər arasında olan boksçularımızın əksəriyyətinin döyüşlərinə gənc yaşlarımda baxmışam, uğurlarına sevinmişəm. Bəzən ədalətsiz qərar çıxanda buna dərin təəssüf hissi keçirmişik. Boks ailəsində olan hər kəsin bilik və bacarığından yararlanmalı, eyni zamanda beynəlxalq əlaqələrimizi gücləndirməliyik. Beynəlxalq Boks Assosiasiyası ilə əlaqələri gücləndirməli ən yaxşı təcrübələri ölkəmizə gətirməliyik. Növbəti qısa dövrdə fəaliyyət planımızı hazırlayacağıq. İdarə Heyətində köhnə ənənənin qorunmasını görürük. İki üzv fəaliyyətini davam etdirir, iki yeni üzv qoşulur. Onlardan biri idman akademiyamızın rəhbəridir. Fuad müəllimin idarə heyətinin üzvü kimi bizə qoşulması bizə böyük dəstək olacaq".
- 7 beynəlxalq yarış olacağınız dediniz. Onlardan biri kişilər arasında Avropa çempionatıdır ki, Ermənistanda keçiriləcək. Ora bizim boksçuların getmək ehtimalı varmı?
- Bu sualı cavablandırmaq üçün hələ tezdir. Baş məşqçimizlə, baş katiblə, idmançılarla bu istiqamətdə görüşümüz olacaq. Azərbaycan idmanı üçün ən xeyirli addımı atacağıq. Azərbaycan idmançısı istənilən arenada nəinki idman yarışına çıxmaq, ona qalib gəlmək gücündədir. Əlbəttə ki, müvafiq hazırlıq və digər meyarlar baxımından peşəkarlarla qiymətləndirmə aparmalıyıq. Yekun qərar idmançılarımız və məşqçilərimizdən asılıdır. Bu mənada ana amil idman olacaq.
- Qarşıda duran əsas məqsədlər nələrdir?
- Bunu bir neçə istiqamətə bölmək olar. Qısa müddətli cari ildəki yarışlarda Azərbaycana medallar gətirməkdir. Orta müddətli hədəfə gəlincə, növbəti Olimpiadaya çox vaxtımız yoxdur. Burada hədəf oradan medallar gətirməkdir. Uzunmüddətli hədəf yeni gənc boksçu nəslinin yetişdirilməsidir. Bunun üçün seleksiyalar həyata keçirilməli, yeni gənc hakim nəslin üzə çıxmasına çalışmalıdır. Bu hədəflərin altında da çoxsaylı planlar olacaq. Ölkəmizdə çox gözəl boks infrastrukturu mövcuddur. Amma əhali arasında potensialı nəzərə alaraq, bu infrastrukturu genişləndirməliyik. Beynəlxalq arenada da əlaqələrimizi genişləndirməliyik.
- Bu sahəyə kifayət qədər bələd olduğunuz hiss edilir. Boksçularımızın uğursuzluqlarının səbəblərindən biri də beynəlxalq yarışlarda onlara qarşı edilən haqsızlıqlardır. Bunun qarşısının alınması üçün hansısa addımlar atmağı planlaşdırırsınız?
- Bu sahədə həvəskar səviyyədə biliyə sahibəm. Bu məsələlərlə daha ciddi, peşəkar şəkildə məşğul olacağam. Hakim ədalətsizlikləri ilə bağlı fikirlərinizlə razıyam. Bu barədə ölkə başçımız da fikrini bildirmişdi. Təəssüf ki, bir çox idman növlərində bu kimi hallar baş verib. Bizim rolumuz azərbaycanlı idmançıların hüquqlarını beynəlxalq platformalarda qorumaqdır. Haqsızlıqlar sadə şəkildə keçməyəcək, tədbirlər görüləcək. Boks yarışlarında xalların hesablanması qaydasının təkmilləşdirilməsi ilə bağlı təkliflərimiz olacaq. Beynəlxalq platformalarda bu subyektivliyin aradan qaldırılması üçün nə kimi dəyişikliklər edilə bilər, bunlarla bağlı təkliflərimiz olacaq. Mətbuatda oxuduğum məlumata görə, Beynəlxalq Boks Assosiasiyası tərəfindən artıq islahatlara başlanılıb. Bu federasiya əvvəllər AİBA-nın tərkibində idi. Onların niyyəti xoşagəlməz halların aradan qaldırılması, islahatların aparılması, şəffaflığın təmin edilməsidir. Bizim də hüquqlarımızı müdafiə etmək üçün platformalarımız olacaq.
- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar