Avropa çempionatı: Uğursuz start
29.04.2022 - 18:56
Avropa çempionatı: Uğursuz start

Cüdo üzrə Avropa çempionatına start verilib.

Apasport.az saytının məlumatına görə, yarışın ilk günündə Azərbaycan millisinin 6 üzvü tatami üzərinə çıxıb.

Onlardan ikisi medalın bir addımlığında büdrəyərək, 5-ci yerlə kifayətlənib. 

Kişilər
60 kq

İki cüdoçumuz mübarizəyə 1/16 finaldan başlayıb. Öncə Savva Karakizidi (Yunanıstan), ardınca David Pulkrabekə (Çexiya) qalib gələn Balabəy Ağayev 1/4 finala vəsiqə qazanıb. Yarımfinalın bir addımlığında Fransisko Qarriqos (İspaniya) önündə aciz qalan idmançımız təsəlliverici qarşılaşmada Tornike Tsjakadoea (Niderland) ilə görüşüb. Rəqibini məğlub edən təmsilçimiz bürünc uğrunda qarşılaşmada Yorr Verstraetenlə (Belçika) üz-üzə gəlib. Lakin komanda yoldaşı kimi Balabəy də bu rəqiblə bacarmayıb.

Əhməd Yusifov da startda Xayme Bernabeunu (İspaniya) məğlub etsə də, Yorr Verstraetenlə (Belçika) uduzaraq, yarışı vaxtından əvvəl tərk edib.

66 kq
1/16 finaldan yarışa qatılan təmsilçilərimiz fərqli nəticələrə imza atıb. İbrahim Əliyev ilk görüşdə Tal Flikerə (İsrail) uduzub.

Yaşar Nəcəfov isə Radu İzvoreanu (Moldova) və Orlando Kazorla (Fransa)  üzərində qələbələrdən sonra 1/4 finala vəsiqə əldə edib. Denislav İvanovu (Bolqarıstan) da məğlubiyyətə uğradan cüdoçumuz yarımfinala yüksəlib. O, finala gedən yolda ukraynalı Boqdan Yadovla üz-üzə gəlib. Təəssüf ki, təmsilçimiz uğurlu seriyanı davam etdirə bilməyib. Rəqib finala yüksəldiyi üçün Nəcəfov üçüncü yer uğrunda güləşib. Elios Manzi ilə qarşılaşan cüdoçumuz italiyalı rəqibinə ipponla uduzaraq, bürünc medal qazanmaq şansını əldən verib.

Qadınlar
48 kq

1/8 finaldan yarışa start verən cüdoçularımızın ikisi də ilk qarşılaşmada mübarizəni dayandırıb. Şəfəq Həmidova Julia Fiqeroa (İspaniya), Ramilə Əliyeva Katarina Kosta (Portuqaliya) ilə dueldə məğlub olub.

Qeyd edək ki, Bolqarıstanın paytaxtı Sofiyadakı çempionatda daha 5 cüdoçumuz qüvvəsini sınayacaq.
 

0