Azərbaycan çempionatında finalçılar dəqiqləşdi – YENİLƏNİB
16.02.2022 - 20:36
Azərbaycan çempionatında finalçılar dəqiqləşdi – YENİLƏNİB

Naxçıvanda təşkil edilən kişi şahmatçılar arasında Azərbaycan çempionatında finalçılar məlum olub.

Şahmat Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarımfinalda Vasif Durarbəyli ilə Məhəmməd Muradlı arasındakı əsas oyunlar 1:1 hesabı ilə bitdikdən sonra ilk rapid oyununda heç-heçə qeydə alınıb. 

İkinci rapid görüşündə qələbə qazanan Məhəmməd Muradlı adını finala yazdırıb. 

Sabah iki partiyadan ibarət finalda Məhəmməd Muradlı Misrətdin İsgəndərovla, üçüncü yer uğrunda görüşdə isə Aydın Süleymanlı Vasif Durarbəyli ilə qarşılaşacaq. 

Qeyd edək ki, 2019-cu ildə Məhəmməd Muradlı 20 şahmatçının iştirak etdiyi Azərbaycan çempionatında çempionluq sevinci yaşayıb.

***

Saat. 16:31

Naxçıvanda keçirilən kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum olub.

Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, yarımfinalın hər iki partiyasında Aydın Süleymanlıya qalib gələn Misrətdin İsgəndərov finalda iştirakını təmin edib.

Digər yarımfinalda ümumi hesab bərabərləşib. İlk oyunda Vasif Durarbəyliyə uduzan Məhəmməd Muradlı cavab görüşündə məğlubiyyətin əvəzini çıxıb. Rəqiblər bu gün saat 18-00-dan etibarən ikinci finalçını müəyyən edəcək.

Qeyd edək ki, Azərbaycan çempionatının ümumi mükafat fondu 22 min manat təşkil edir. Çempion şahmatçı 8 min manat qazanacaq.