İyunun 11-də başlayacaq və bir ay davam edəcək AVRO-2020-nin 4 oyunu ölkəmizdə, Bakı Olimpiya stadionunda baş tutacaq.
APA TV-nin məlumatına görə, burada A qrupunda mübarizə aparan İtaliya, Uels, İsveçrə və qardaş Türkiyənin milli komandaları arasında 3 görüş və 1/4 final mərhələsinin 1 qarşılaşması keçiriləcək.
Bəs görəsən, dünyanın müxtəlif ölkələrindən minlərlə futbolsevərin gözünün Azərbaycanda olacağı matçların oynanılacağı stadionda hazırlıq prosesi necə gedir?
Futbol üzrə Avropa çempionatının 4 oyununun baş tutacağı Bakı Olimpiya stadionunda hazırlıq işləri tam sürətlə davam etməkdədir. Hazırda ən əsas məsələ stadionun ot örtüyünün qısa bir zamanda ideal vəziyyətə gətirilməsidir.
Dəfələrlə beynəlxalq yarışlara, böyük idman turnirlərinə ev sahibliyi edən Bakı Olimpiya Stadionu 2017-ci ildən etibarən hibrid ot örtük sisteminə keçid edib. Bu qəbildən olan qazon örtüyündən dünyanın ən müasir stadionlarında istifadə olunmaqdadır.
Hazırda stadionun ot örtüyünün hazırlanması prosesinə yerli “AgroSport” şirkəti nəzarət edir. Şirkətin baş aqronomu Yan Morton bildirir ki, hazırda arenanın qazon örtüyündə son tamamlanma işləri həyata keçirilməkdədir: “Hazırlıq işlərinə aprel ayında başlamışıq. Bura alaq otların təmizlənməsi və bu kimi digər işlər daxildir. Qeyd etmək istərdim ki, 2 böyük sahədə əkin işləri həyata keçirmişik. Biz artıq Bakı Olimpiya Stadionundakı hazırlıqların son mərhələsindəyik və bu mərhələyə gübrələrin verilməsi daxildir”.
Bakı Olimpiya Stadionunun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Fərid Əsədzadə isə bildirib ki, pandemiya olmasına baxmayaraq, stadion öz fəaliyyətini dayandırmayıb və arena Avropa Çempionatının oyunlarının keçirilməsi üçün tam hazır vəziyyətdədir: “Stadionun bütün infrastrukturu oyuna tam hazırdır. İndi biz, sadəcə, bəzi brendinq işləri ilə məşğuluq. Amma digər bütün işlər tamamlanmaq üzrədir. Stadionun ot örtüyünə isə həftənin hər günü qulluq edilir və qazon oyunlara tam hazır olacaq”.
Köhnə qitənin ən mötəbər futbol turnirinin A qrupunda qərarlaşan milli komandaların oyunlarına məhdud sayda, stadionun tamaşaçı tutumunun 50%-i qədərində azarkeş buraxılacaq. Bu məqsədlə stadionun tribunaları tam olaraq hazır vəziyyətə gətirilib.
Fərid Əsədzadə deyir ki, Avropa Çempionatı Bakı Olimpiya Stadionu üçün yeniliklərlə də yadda qalacaq: “Ötən çempionatlardan fərqli olaraq, bu turnir üçün stadionumuzda stasionar giriş-çıxış məntəqələri quraşdırılıb ki, bu da orada çalışan könüllülərin, hüquq-mühafizə orqanı əməkdaşlarının və yerli əməliyyat komitəsi işçilərinin fəaliyyətini daha da asanlaşdıracaq. Stadiona gələn azarkeşlər və media nümayəndələri də bu ərazidən stadiona daha rahat şəkildə daxil ola biləcəklər”.
Matçların azarkeşlərlə keçirilməsi insanların koronovirus yoluxma riskini artırsa da, Bakı Olimpiya Stadionunun Əməliyyat Komitəsi bunu da nəzərə alıb. Fərid Əsədzadə deyir ki, oyunlar zamanı stadionda sanitar-gigiyenik normaların gözlənilməsi istiqamətində davamlı tədbirlər həyata keçiriləcək: “Ötən ay qərar verildi ki, stadiona 50% tamaşaçı buraxılacaq. Biz də bu yöndə insanlarımızı koronavirusdan qorumaq məqsədilə olan bütün tədbirləri həyata keçirəcəyik. Hazırda işlərimiz bu yöndə gedir. Bildiyiniz kimi, bu ayın 15-dən etibarən biletlər həm onlayn, həm də şəhərin kassalarında satışdadır. Biz də azarkeşləri bilet alıb sevimli komandalarını stadionda dəstəkləməyə çağırırıq”.
Qeyd edək ki, ötən il keçirilməsi planlaşdırılan AVRO-2020 dünyanı cənginə koronavirus pandemiyasına görə UEFA-ın qərarı ilə təxirə salınmışdı. Bu il iyulun 11-də başlanacaq AVRO-2020-də ilk dəfə olaraq 24 ölkənin futbol üzrə milli komandası kuboku başı üzərinə qaldırmağa çalışacaq.