Azərbaycan Cüdo Federasiyası (ACF) milli komandaların idarəçiliyində struktur və vəzifə dəyişikliyi edir.
Apasport.az saytı xəbər verir ki, yeni yaradılacaq performans direktoru və kişilərdən ibarət yığmanın baş məşqçisi vəzifələrinə iki xarici mütəxəssis cəlb olunub.
Performans direktoru vəzifəsinə niderlandlı mütəxəssis Mark van der Ham, kişilərdən ibarət millinin baş məşqçisi postuna isə almaniyalı mütəxəssis Rixard Trautman dəvət alıb. Hər iki şəxs sabahdan vəzifəsinin icrasına başlayacaq.
ACF-in İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında hər iki mütəxəssis cüdo ailəsinə təqdim edilib. Federasiya prezidenti Rəşad Nəbiyev qeyd edib ki, ACF bu qərarı verərkən tanınmış cüdo ölkələrinin təcrübəsini öyrənib və onların uğurunun əsasında yüksək səviyyəli idmançıların hazırlığına sistemli elmi yanaşmanın və yeni istedadların kəşfi üçün cüdonun kütləviləşdirilməsinin dayandığını müəyyən edib. O, cəlb edilmiş yeni mütəxəssislərin peşəkarlıqlarını indiyə qədər məşqçilik fəaliyyəti zamanı əldə etdikləri nəticələrlə sübut etdiklərini vurğulayıb. Onların elit səviyyəli idmançıların hazırlığına olan sistemli və elmi yanaşması ilə ölkəmizin zəngin cüdo ənənələri və istedadlı idmançılarımızın uğurlu tandemi sayəsində Azərbaycan cüdosunun dünyada daha da yüksək səviyyəyə qalxacağına əminliyini ifadə edən federasiya prezidenti əsas məqsədin 2024-cü ildə keçiriləcək Paris Olimpiya Oyunlarında uğur qazanmaq olduğunu bildirib.
Daha sonra federasiyanın baş katibi Rəşad Rəsullu edilən dəyişikliklər və yeni əməkdaşların təcrübəsi və karyerası barədə iclas iştirakçılarına məlumat verib. Qeyd edilib ki, köklü şəkildə inkişafa nail olmaq üçün strukturdakı yenilik federasiyada beynəlxalq təcrübədəki performans direktor vəzifəsinin yaradılmasıdır. Bütün yaş qrupları üzrə yığmaların işinin təşkilinə nəzarət edəcək performans direktoru Mark van der Ham eyni zamanda idmançıların çıxışlarında effektivliyin yüksəldilməsi üzrə məsul şəxs olacaq. O cümlədən, milli üzvlərinin performanslarının yüksəldilməsi üçün onların və rəqiblərinin çıxışlarının analitik təhlili, müasir idman tibbi və fiziki hazırlıq yanaşmaları tətbiq olunacaq. Bu zaman müvafiq proqram təminatı, elmi-metodiki yanaşmalardan və texniki cihaz və vasitələrdən istifadə ediləcək.
Mark van der Ham məşqçilik fəaliyyətinə 2006-cı ildə Niderlandın iki ən böyük cüdo klubundan biri olan Rotterdam klubunda başlayıb. 2012-2016-cı illərdə Niderlandın cüdo üzrə yığmasında məşqçi və baş məşqçi vəzifələrində çalışıb. 2017-ci ildə Belçikada gənclərdən ibarət yığmanın baş məşqçisi kimi fəaliyyətə başlayıb, 2018-ci ildə böyüklərdən ibarət millinin, 2020-ci ildə bütün milli komandaların baş məşqçisi təyin edilib. Fəaliyyəti dövründə hazırladığı idmançılar Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında dəfələrlə medallar qazanıb.
Kişilərdən ibarət yığmanın yeni baş məşqçisi Rixard Trautman (ikiqat olimpiya mükafatçısıdır, 1992 Barselona və 1996 Atlanta Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb) məşqçilik fəaliyyətinə 2001-ci ildə başlayıb. Elə həmin ildən Almaniyanın cüdo üzrə millisinə köməkçi məşqçi kimi çalışmağa dəvət alıb. 2005-2008-ci illərdə Almaniyanın yeniyetmələrdən, 2009-2016-cı illərdə gənclərdən, 2016-2021-ci illərdə isə böyüklərdən ibarət komandanın baş məşqçisi olub. Beləliklə, Rixard Trautman Almaniyanın cüdo yığmalarının bütün yaş qruplarında çalışıb. Onun fəaliyyəti Almaniya yığmasına Olimpiya Oyunlarında, müxtəlif yaş qrupları üzrə dünya və Avropa çempionatlarında dəfələrlə medallar qazandırıb. Beynəlxalq turnirlərdə yüksək nəticələrə yönəlik məşq-hazırlıq proqramlarının hazırlanması və gələcək qarşılaşmalar üçün özəl taktikaların formalaşdırılması üzrə geniş təcrübəyə malikdir.
Qeyd edək ki, kişilərdən ibarət yığma komandanın hazırkı baş məşqçisi Mövlüd Mirəliyev sabahdan etibarən böyük məşqçi qismində millidə fəaliyyətini davam etdirəcək.
- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar