Fərhad Əliyev: “Reqata gözlədiyimizdən də yaxşı alındı” - MÜSAHİBƏ
07.05.2022 - 18:00
Fərhad Əliyev: “Reqata gözlədiyimizdən də yaxşı alındı” - MÜSAHİBƏ

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının baş katibi Fərhad Əliyevin apasport.az saytına müsahibəsi

- “Prezident kuboku-2022” reqatası başa çatdı. 5 ölkənin 100-dən artıq idmançısının iştirakı ilə keçirilən yarış necə alındı? 
- Reqata gözlədiyimizdən də yaxşı alındı. Yarış birinci gün paradla başladı. Ardınca azad olunmuş torpağımızda – Suqovuşanda kanoe və kayak üzrə 200 və 500 metr yarışlar keçirildi. Maraq çox böyük idi. Orada yarış təşkil etmək elə də çətin deyil. Amma bunun öhdəsindən gəldik və ilk dəfə Qarabağda möhtəşəm beynəlxalq yarış baş tutdu. Reqatanın ikinci günü avarçəkmənin ənənəsi olan Mingəçevirdə akademik avarçəkmə üzrə yarış davam etdirildi və sonrakı illərdə bunu davam etdirəcəyik.
 
- Əvvəl 10-a yaxın ölkənin iştirakı planlaşdırılırdı. Amma reqataya 5 ölkə qatıldı. Buna nə səbəb oldu?
- Əslində bir neçə ölkədən təsdiq vardı. Amma biz yarışı 1 ay ərzində təşkil etdik. İştirakçı komandalar da təsdiqləyirlər ki, bu müddətdə belə beynəlxalq reqata keçirmək asan məsələ deyil. Bəzi ölkələr isə nəqliyyat və beynəlxalq təqvimlə bağlı problemi olduğu üçün gələ bilmədilər. 

- Ölkələrin xərcləri siz tərəfindən qarşılanmırdı ki?
- Hər beynəlxalq yarışda olduğu kimi, onlar bütün xərcləri özləri çəkiblər. 

- Ümidləri doğruldan, perspektiv vəd edən idmançılar oldumu?
- Bizim nəticə gözlədiyimiz idmançılar fəxri kürsüyə yüksəldilər. Amma bir neçə gənc də özünü yaxşı tərəfdən göstərdi. Mən bunu kənardan baxan bir şəxs kimi deyirəm. Amma bu barədə məşqçilər daha yaxşı danışa bilərlər.

- Bəs yığmalarda məşqçilər heyəti rəsmiləşib?
- Komandamıza Samir Məmmədov başçılıq edir. Heyətə gənc məşqçiləri cəlb etmək istəyirik. 

- Bildiyimizə görə, Samir Məmmədov akademik avarçəkmə üzrə məşqçidir. O, kanoe və kayak üzrə millimizə də rəhbərlik edəcək?
- Hələlik, bəli. Ancaq bu növ üzrə komandaya da artıq məşqçi axtarışındayıq. Yaxın günlərdə o da təyin olunacaq. 

- Yeni formalaşan federasiya kimi başqa hansı yenilikləri planlaşdırırsız?
- Beynəlxalq yarışlar artıq qışdan başlayır. Bu bizə yaxşı nəticə əldə etmək üçün əlavə təkan verir. Mingəçevirdə oktyabrda daha bir yarış planlaşdırırıq. Bu reqata ənənəvi keçirilirdi, sadəcə, pandemiya səbəbindən son illərdə baş tutmayıb. 
 

0