Güləşçilərimizdən 1 qızıl, 1 gümüş və 2 bürünc - Avropa çempionatında
08.03.2022 - 21:55
Güləşçilərimizdən 1 qızıl, 1 gümüş və 2 bürünc - Avropa çempionatında

Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatında ilk medal günü Azərbaycan millisi üçün uğurlu alınıb. 

Apasport.az saytının məlumatına görə, yunan-Roma güləşçilərimiz yığmamızın aktivinə 1 qızıl, 1 gümüş və 2 bürünc mükafat yazdırıb.

Təmsilçilərimizdən Xasay Həsənli (77 kq) qızıl medal uğrunda gürcü Davit Soloqaşviliylə mübarizə aparıb. Qarşılaşmanın əvvəlindən təşəbbüsü ələ keçirən həmyerlimiz görüşün taleyini elə ilk hissədə həll edib. Rəqibinə 10:0 hesablı tam üstünlüklə qalib gələn Xasay Avropa çempionu olub.

Ziya Babaşov (63 kq) da finalda gürcü ilə üz-üzə gəlib. Lakin o, Giorgi Şotadzeyə 0:3 hesabıyla uduzaraq gümüş medalla kifayətlənib. 

Laçın Vəliyev (87 kq) 3-cü yer uğrunda görüşdə erməni Gevorq Tadevosyanla güləşib. Vəliyev gərgin mübarizə şəraitində keçən bu qarşılaşmanı öz hesabına yazaraq (6:5), Avropa çempionatının bürünc medalını əldə edib. 

Sərxan Məmmədov (130 kq) da çıxışını bürünc medalla bitirib. O, 3-cü yer uğrunda qarşılaşmada yunan Nikolaos Ntuniasa 6:1 hesabıyla məğlub edib. 

Qeyd edək ki, bu gün daha bir yunan-Roma güləşimiz mübarizəyə qoşulub. Nihat Məmmədli (60 kq) 1/4 finalda macar Kriştian Keçkemetiylə qarşılaşıb. Titullu güləşçimiz rəqibini 5:1 hesabıyla məğlub edərək yarımfinala yüksəlib. Məmmədli finala vəsiqə uğrunda erməni Tiqran Minasyanı sınağa çəkib. Görüşün əvvəlindən sonunadək üstünlüyə sahib olan Nihat rəqibinə heç bir şans tanımayıb və tam üstünlüklə qalib gəlib - 9:0. Güləşçimiz martın 9-da finalda gürcü İrakli Cimistarişviliylə qarşılaşacaq.