İki final, iki məğlubiyyət – “Böyük Dəbilqə”də
06.02.2022 - 22:50
İki final, iki məğlubiyyət – “Böyük Dəbilqə”də

Fransanın paytaxtı Parisdə keçirilən “Böyük Dəbilqə” turnirinə yekun vurulub.

Apasport.az saytının məlumatına görə, yarışın son günündə Azərbaycan millisinin son 3 cüdoçusu tatamı üzərinə çıxıb.

Təmsilçilərimizdən ikisi günü medalla başa vurub. Finala çıxan Məmmədəli Mehdiyevlə Uşanqi Kokauri son qarşılaşmasında uduzduqlarından yığmamızın hesabına gümüş mükafat yazdırıblar.

90 kq
1/8 finaldan mübarizəyə başlayan Məmmədəli Mehdiyev öncə Rafael Masedonu (Braziliya), ardınca Mixael Jqankı (Türkiyə), finalın bir addımlığında Beka Qviniaşvilini (Gürcüstan) məğlub edib. Təmsilçimiz finalda Sanşiro Murao (Yaponiya) ilə bacarmayıb və gümüş medalla kifayətlənib.

100 kq
Zelim Kotsoyevin çıxışı uğursuz alınıb. Milliləşən legioner ilk görüşdə Pyotr Kuçeraya (Polşa) uduzub və turnirlə vidalaşıb.

+100 kq
Digər legionerimiz Uşangi Kokauri uğura imza atıb. O, 1/8 finalda Marvin Qado (Monako), 1/4 finalda Emre Sanal (Fransa), yarımfinalda Kim Min Çona (Cənubi Koreya) qalib gəlib. Kokauri qızıl medal uğrunda qarşılaşmada Tsetsentsengel Odxüüyə (Monqolustan) məğlub olaraq, fəxri kürsünün ikinci pilləsinə qalxıb. 

Qeyd edək ki, “Böyük Dəbilqə”yə 6 kişi cüdoçu ilə qatılan millimiz ilk iki gündə medalsız qalıb. Kəramət Hüseynov (60 kq), Hidayət Heydərov və Rüstəm Orucov (hər ikisi 73 kq) mükafatçılar sırasına düşə bilməyib.