Azərbaycan güləşçilərinin Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatındakı narazılıqları davam edir.
APA-nın məlumatına görə, rusiyalı Hacımurad Rəşidova uduzduqdan sonra sərt etirazını nümayiş etdirən və hakimlərin qərarı ilə razılaşmayan Hacı Əliyev (65 kq) kimi Mahir Əmiraslanov (57 kq) da diqqət mərkəzinə düşüb.
1/16 final mərhələsində rusiyalı Zaur Uquyevlə görüşdə hesabda öndə olmasına baxmayaraq, 3:4 hesabı ilə uduzan sərbəst güləşçimiz xalçanın üzərindən qalxmaq istəməyib. O, öncə rəqibi ilə mübahisə edib. Ardınca xalçanı yumruqlayan Avropa Oyunlarının qızıl mükafatçısı hakimin qalibi elan etdiyi vaxt əlini ona uzatmayıb.
Referinin cəhdlərinə baxmayaraq, o, inadından dönməyib. Nəticədə H.Əliyevin döyüşündəki kimi yenə hakim təkcə qalibin əlini tutaraq yuxarı qaldırıb.
Qeyd edək ki, hər iki rusiyalı finala yüksələcəyi halda, Azərbaycan güləşçiləri təsəlliverici görüşə qatılmaq hüququ əldə edəcək.
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək
- Bakıda keçiriləcək "Alufar IRONMAN 70.3" triatlon yarışı çərçivəsində tədbirlərə start verilib
- Bakıda 18 yaşdan 80 yaşadək triatlonçular mübarizə aparacaq
- Yubiley Formula 1 Azərbaycan Qran-Prisi üçün yeni tribuna quraşdırılıb
- Azərbaycan kikboksçusu 2 il müddətinə diskvalifikasiya olunub