Yaponiyanın paytaxtı Tokioda keçirilən Yay Olimpiya Oyunlarının cüdo yarışlarında bürünc medal qazanan Azərbaycan millisinin üzvü İrina Kindzerska avqustun 1-də Bakıya qayıdıb.
Apasport.az saytının məlumatına görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında idmançımızı Azərbaycan Cüdo Federasiyasının əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri və cüdoçunun yaxınları qarşılayıblar.
İrina Kindzerskaya gül dəstələri təqdim olunub və onunla xatirə şəkilləri çəkdirilib.
Pandemiya ilə əlaqədar son ayların gərgin keçdiyini bildirən İrina Kindzerska Olimpiya Oyunlarında mükafatçılar sırasında yer aldığı üçün özünü xoşbəxt hiss etdiyini bildirib. Tokio Olimpiadasının bürünc mükafatçısı deyib: “Yaponiyaya çempionluq üçün yollanmışdım. Ancaq düşündüyüm kimi alınmadı. Yarımfinalda uduzduğum yaponiyalı atlet çox güclü cüdoçudur. Finalda da Kuba təmsilçisi Ortizə qalib gələrək olimpiya çempionu oldu. Buna baxmayaraq Azərbaycanın üçrəngli bayrağını Tokioda dalğalandırmağı bacardım. Bu çox qürurverici bir hissdir”.
Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunlarında cüdo üzrə yığma komandamız əvvəlki Olimpiadalarla müqayisədə daha geniş tərkibdə – 9 idmançı ilə təmsil olunub. İrinanın bürünc medal qazandığı Olimpiadanı Kəramət Hüseynov, Orxan Səfərov, Rüstəm Orucov, Murad Fətiyev, Məmmədəli Mehdiyev, Zelim Kotsoyev, Uşangi Kokauri və Aişə Qurbanlı medalsız başa vurub.
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək