Olimpiadalara damğa vuranlar – Pekin-2022-yə doğru
03.02.2022 - 21:58
Olimpiadalara damğa vuranlar – Pekin-2022-yə doğru

Sabah Pekin-2022 Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimi keçiriləcək. 

Apasport.az saytının məlumatına görə, “Ağ Olimpiadalar” tarixində mükafatçılar sırasına düşən bəzi idmançılar unikal rekordlara imza atıb.

İtaliyalı kirşəçi Armin Soqqeler ardıcıl 6 Olimpiadada medal qazanıb. 1994-cü ildə başlayan seriyasını 2014-cü ilədək davam etdirən idmançı 2 qızıl, 1 gümüş və 3 bürüncü sahibidir.

SSRİ biatlonçusu Aleksandr Tixonov isə 4 fərqli Olimpiadada çempionluq yaşayıb. O, 1968-80-ci illərdə fərqlənib. Lakin bütün qızılları estafetdə əldə olunub. Biatlonçu fərdi yarışlarda bir gümüşlə təsəlli tapıb.

Çexiyalı Ester Ledetska da unikal nəticə sahibidir. O, Pxençxan-2018-də iki müxtəlif növdə - dağ xizəyi və snoubordda çempion olub. Ester bir Olimpiadada iki növdə qızıl əldə edən ilk qadındır. Düzdür, rusiyalı Anfisa Reztsova xizək və biatlonda çempion olub. Amma onun uğurları fərqli illərə təsadüf edib.

Qış Olimpiya Oyunları tarixində ən yaşlı mükafatçı Karl Avqust Kronlunddur. İsveç kerlinqçisi 1924-cü ildə 59 yaş 155 günlüyündə gümüş medala yiyələnib.

Ən gənc mükafatçı isə Yun Mi Kimdir. Cənubi Koreya təmsilçisi Lillehammer-1994-də 13 yaş 83 günlüyündə çempion adını qazanıb.

Qeyd edək ki, Pekin-2022 fevralın 4-20-də keçiriləcək.