Olimpiadanın açılış mərasimində Azərbaycanı Əli Əhmədov təmsil edəcək
28.01.2022 - 14:51
Olimpiadanın açılış mərasimində Azərbaycanı Əli Əhmədov təmsil edəcək

Çin Xalq Respublikasının Sədri Prezidenti Si Cinpin fevralın 4-dən 6-dək Pekin-2022 Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirak edəcək.

APA-nın xəbərinə görə, bu barədə Çin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, Si Cinpin açılış mərasimində iştirak edəcək xarici dövlət və hökumət başçıları, kral ailələrinin üzvləri və beynəlxalq təşkilatların rəhbərləri üçün ziyafət təşkil edəcək.

Açılış mərasimində iştirak edəcək qonaqlar arasında Rusiya Prezidenti Vladimir Putin, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emomali Rahmon, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Misir Prezidenti Əbdül Fəttah əs-Sisi, Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd ibn Salman, Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani, Polşa Prezidenti Andjey Duda, Serbiya Prezidenti Aleksander Vuçiç, Pakistanın Baş naziri İmran Xan, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəhbəri Tomas Bax, BMT-nin Baş katibi Antonio Quterreş, BMT Baş Assambleyasının Prezidenti Abdulla Şahid, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus və digər dövlət və hökumət rəsmiləri var.

Azərbaycanı isə Baş nazirin müavini Əli Əhmədov təmsil edəcək.

Qeyd edək ki, Pekin-2022 Qış Olimpiya Oyunları 4-20 fevral tarixlərində keçiriləcək.