Rusiya dünya çempionatından məhrum edildi
27.04.2022 - 10:46
Rusiya dünya çempionatından məhrum edildi

Beynəlxalq Buz Xokkeyi Federasiyası (IIHF) Rusiyanı 2023-cü ildə xokkey üzrə dünya çempionatına ev sahibliyindən məhrum edib.

APA-nın CNN-ə istinadən xəbərinə görə, bu barədə IIHF məlumat yayıb.

Bildirilib ki, yarışın keçirilməsi üçün yeni ölkə müəyyənləşdiriləcək. Beynəlxalq idman yarışının 2023-cü ilin mayında Sankt-Peterburqda keçirilməsi planlaşdırılmışdı. IIHF-in məlumatında alternativ ev sahibi ölkənin gələn ay müəyyənləşdiriləcəyi qeyd olunub. 

IIHF turnirin yerinin dəyişdirilməsinin xüsusilə də iştirakçıların, rəsmilərin, medianın və azarkeşlərin təhlükəsizliyi ilə bağlı narahatlıqlarla əlaqələndirib.

Qeyd edək ki, fevralda IIHF özünün təşkil etdiyi yarışlarda Rusiya və Belarusun milli və klub səviyyəsindəki komandalarının iştirakını qadağan edib və Rusiyanın 2023-cü ildə azyaşlılar arasında keçiriləcək dünya çempionatına ev sahibliyi hüququnu əlindən alıb.

0