Şəfəq Hüseynli: "Ölkəmizə yalnız təmiz qələbələr yaraşır"
18.04.2022 - 12:17
Şəfəq Hüseynli: "Ölkəmizə yalnız təmiz qələbələr yaraşır"

Bu gün Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) “Qəhrəmanların və dahilərin izi ilə təmiz qələbələrə doğru” adlı tədbir keçirib.

Apasport.az saytının məlumatına görə, məqsəd ədalətli idman və ölkəmizin ləyaqətlə təmsil edilməsi prinsiplərinin geniş təbliğidir.

Bu məqsədlə İlham Zəkiyev, Hacı Əliyev, Kamran Şahsuvarlı, Rüstəm Orucov, Rafiq Hüseynov Ruslan Abışov kimi məşhur idmançıların iştirakı ilə müzakirlər aparılıb. Tədbirdə tanınmış idmançıların iştirakı ilə Şuşada çəkilmiş eyniadlı vidoçarxın təqdimatı olub.

Tədbirdə çıxış edən AMADA-nın direktoru Şəfəq Hüseynli Azərbaycanın bütün sahələrdə olduğu kimi, ədalət prinsipinin də tərəfdarı olduğunu bildirib: “Cənab Prezident İlham Əliyev idmanda ədalətli yarışmağın vacibliyini vurğulayıb. O, güləşçilərlə görüşündə də çox vacib fikirlər səsləndirdi. Bildirdi ki, nəticədən asılı olmayaraq, idmançılarımız ədalətlə yarışmalıdırlar. Dövlət başçısının bu sözünü idmanın hər sahəsində rəhbər tutmalıyıq. Ölkəmizə yalnız təmiz qələbələr yaraşır. Biz də bunu rəhbər tutaraq, Şuşa şəhərində layihələr reallaşdırmaq istədik. Şuşanın işğaldan azad olunduğu gün bizim Zəfər günümüzdür. Biz də dahilərin və qəhrəmanların izi ilə təmiz qələbələrə doğru layihə reallaşdırdıq”.

Daha sonra çıxış edən Yay Paralimpiya Oyunlarının, eyni zamanda Avropa və dünya çempionatının qalibi İlham Zəkiyev bildirib ki, AMADA qısa müddətdə böyük işlər görüb: “Mütəmadi olaraq idmançılarla, federasiyalarla seminarlar keçirirlər. Bu qurum yaranandan bəri beynəlxalq arenada azərbaycanlı idmançılarla bağlı dopinq qalmaqalı gözəçarpacaq dərəcədə azalıb. Mən də 6-cı Paralimpiadama hazırlaşıram”.

Sərbəst güləş üzrə üçqat dünya və üçqat Avropa çempionu Hacı Əliyev də AMADA-nın gördüyü işlərin təqdirəlayiq olduğunu söyləyib: “Biz də təcrübəli idmançılar kimi gələcək nəsil üçün nümunə olmaq istəyirik. Göstərmək istəyirik ki, bu günə qədər qazandığımız nəticələr təmiz mübarizə ilə olub. Gənc idmançılarımız dopinqdən uzaq olsunlar, təmiz qələbələr qazansınlar. Şuşada ola bilmədim, baxdım, paxıllığım tutdu”.

Yunan-Roma güləşi üzrə dünya çempionu, eyni zamanda Avropa çempionatının üçqat qalibi Rafiq Hüseynov deyib ki, Şuşa səfəri çox maraqlı alınıb: “Təəssüf ki, orada sona qədər qala bilmədim. Peşəkar əməkdaşlarla getdik, gözəl çəkilişlər oldu. AMADA təmiz idmanı təbliğ edən təşkilatdır. Gənclərə doğru yolu göstərir. Peşəkarlar dopinqin nə olduğunu bilir, amma gənclərə təbliğ etmək lazımdır. Bəzən gənclər başa düşmürlər ki, dopinqlə mükafat qazansa belə, sonradan bu üzə çıxır”.

Hüseynov əlavə edib ki, protein istifadəsi zamanı idmançılar yığma komandaların həkimləri ilə məsləhətləşirlər: “Proteinə görə hətta 4 idmançı tutulmuşdu. İdmançılar mütləq yığmanın həkimlərindən icazəsiz dərman qəbul etməsinlər”.

Daha sonra nitq söyləyən Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının prezidenti Eldar İsmayılov ədalətsiz əldə edilən hər bir işin haram olduğunu bildirib: “AMADA-nın əsas devizi təmiz oyundur, idmanda ədalətli çıxış etməkdir. Bütün dünyada ədalətli oyun əsas diqqət mərkəzindədir. Şuşa təkcə elm, mədəniyyət, incəsənət mərkəzi deyil, eyni zamanda idmanımıza böyük şəxsiyyətlər qazandırıb. Tofiq Bəhramov, Eldar Əzimzadə şuşalıdırlar. Şuşa həm də idman şəhəridir. Təəssüf ki, dünyamız ədalətsiz, mənasız müharibələrlə, çəkişmələrlə gündəmdədir. Antidopinq təkcə ona rəhbərlik edən qurumun yox, hamımızın işidir. Dopinq idmanda ədalətsizliyə gətirib çıxarır. Bu da sonradan bilinəndə qələbə hesabdan silinir”.

Ardından tədbirdə iştirak edən jurnalistlər də öz təkliflərini çatdırıblar.

0