Azərbaycan Triatlon Federasiyasının açıq Konfransı keçirilib.
Federasiyanın mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, tədbirdə çıxış edən qurumun prezidenti Elçin Əliyev bu idman növü üzrə təşkilatın yaxın illər üçün formalaşdırılmış strategiyasını açıqlayıb.
Onun sözlərinə görə, yaxın illərdə triatlonun Azərbaycanda ən populyar idman növlərindən biri olmaq potensialı var və artan maraq belə nikbin proqnoz verməyə imkan verir. Əliyev çıxışında qeyd edib ki, federasiyanın yeni komandası bu idman növünü üç istiqamətdə inkişaf etdirmək niyyətindədir. Triatlona Azərbaycanda həm peşəkar, həm də həvəskar idman növü xüsusi diqqət yetiriləcək. Bununla yanaşı xalqımızın, xüsusən də yetişən nəslin sağlamlığının qorunması üçün triatlona kütləvi idman növü kimi də dəstək veriləcək.
“Məqsədimiz Azərbaycanın zəfər bayrağını beynəlxalq peşəkar və həvəskar idman yarışlarında zirvələrə qaldırmaq və əzmkar gənclər yetişdirməkdir. Gənclərin bu olimpiya idman növünə marağı və dövlətimizin davamlı dəstəyi bizə gələcəyə optimizmlə baxmağa imkan verir”, - deyə Əliyev bildirib.
Federasiya prezidenti həmçinin 2022-ci ildə nəzərdə tutulmuş idman yarışları haqqında məlumat verib. 25 sentyabrda ilk dəfə olaraq triatlon üzrə Azərbaycan açıq çempionatı, 1-2 oktyabrda isə Qarabağda Anım Gününə həsr olunmuş idman turniri keçiriləcək.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Triatlon Federasiyası arasında Anlaşma Memorandumu imzalanıb. Memorandum çərçivəsində agentliyin əməkdaşları federasiyanın dəstəyi ilə triatlonla məşğul olacaq və onlar üçün müxtəlif formatlı korporativ idman yarışları təşkil ediləcək.
Konfransda həmçinin 2022-ci ildə nəzərdə tutulmuş yarışlar və müxtəlif tədbirlər haqqında məlumatlar verilib. Tədbirdə federasiyanın rəhbərliyi, idmançılar, məşqçilər eləcə də ölkənin idman ictimaiyyəti iştirak ediblər. Konfransda federasiyanın rəsmi veb-saytının təqdimatı keçirilib, idmançılar mükafatlandırılıb.
- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar