
AFFA-nın təşkilatçılığı və Sosial Xidmətlər Agentliyinin əməkdaşlığı çərçivəsində Sosial Xidmətlər Agentliyinin tabeliyində olan 3 saylı uşaq evində yaşayan uşaqlarla Azərbaycan milli komandasının məşqçi və futbolçuları arasında görüş təşkil olunub.
Apasport.az xəbər verir ki, görüşdə iştirak edən AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, 3 saylı uşaq evinin rəhbəri Günay Manafova, Sosial Xidmətlər Agentliyinin şöbə müdiri Sevinc Əmirova uşaqları salamlayıblar.
Bu görüşdə məqsəd uşaqların sosial inkişafına dəstək vermək və onlara motivasiya aşılayaraq, idmanın əhəmiyyətini vurğulamaq olub. Məşqçilər və futbolçular uşaqlarla birlikdə vaxt keçirərək, onlara futbol barəsində məlumat verib, idmanın faydaları haqqında söhbət aparıblar. Uşaqlara həmçinin idmanla məşğul olmağı və sağlam həyat tərzini mənimsəməyi tövsiyə ediblər.
Tədbirin sonunda AFFA tərəfindən uşaq evində yaşayan uşaqlara bayram hədiyyələri verilib, uşaq evinin rəhbərliyi adından isə xatirə hədiyyəsi Sərxan Hacıyevə təqdim olunub. Sonda xatirə şəkli çəkdirilib.