Aleks Souza: "Səfər görüşünə qələbə üçün gedəcəyik" - Müsahibə
17.10.2024 - 17:53
Aleks Souza: "Səfər görüşünə qələbə üçün gedəcəyik" - Müsahibə

“Turan Tovuz”un braziliyalı hücumçusu Aleks Souza apasport.az saytına müsahibə verib.

- Zədədən sonra tam olaraq bərpa olunmusuz və özünüzü yaxşı hiss edirsiz?
- Bəli, bərpa olunmuşam. Özümü də yaxşı hiss edirəm. Fasilə zamanı hazırlaşmışıq və qarşıdakı oyunlar haqda düşünürük.

- Milli komandaların oyunlarına görə Premyer Liqaya fasilə verilmişdi. Komanda hansı detallar üzərində işlədi?
- Bəli, məşqlərimizi davam etdirdik. Çalışdıq ki, baş məşqçinin tapşırıqlarını yerinə yetirək. Dayanmadan daha qüvvətli şəkildə işləyirik. 

- Premyer Liqanın 10-cu turunda “Sumqayıt”la qarşılaşacaqsız. Bu rəqib haqda fikriniz necədir? Onları məğlub edə biləcəksiz?
- “Sumqayıt”ın necə yaxşı komanda olduğunu yaxşı bilirik. Amma biz səfər görüşünə qələbə ardınca gedəcəyik. Təbii ki, bu heç də asan olmayacaq. Lakin məqsədimiz üç xaldırsa, sona qədər oynayacağıq. Çox maraqlı olacaq. Ümidvaram ki, qazanan tərəf biz olacağıq. 

- Birinci dövrədə “Sumqayıt”ı evdə 1:0 hesabı ilə məğlub etmişdiniz. Həmin oyunu necə xatırlayırsan?
- Əlbəttə ki, yaxşı xatırlayıram. İlk dövrədəki matç da çətin və ağır oyun idi. Onsuzda hər zaman yaxşı komandaya qarşı oynamaq çətin olur. Məncə, həmin görüşdəki qələbə layiqli qələbə idi. Çünki biz daha güclü tərəf idik.

- “Sumqayıt”ın baş məşqçisi Samir Abasov “Neftçi”yə keçdi. Onların yeni baş məşqçisi var. Bu sizin üçün üstünlük ola bilər?
- Bəli, baş verənlərdən xəbərim var. Amma biz yalnız özümüz haqda düşünürük ki, “Sumqayıt”la görüşdə yaxşı oynayaq və qalib gələk. 

- Azərbaycan Premyer Liqasındakı mübarizəni ümumilikdə necə dəyərləndirirsən?
- Təbii ki, Azərbaycan Premyer Liqası yaxşı rəqabəti olan, yaxşı mübarizələrin getdiyi liqadır. Burada heç bir oyun asan keçmir. Komandaların hamısı da yaxşıdır. Zəif komanda olmadığı üçün oyunlar da asan deyil. “Turan Tovuz” olaraq bizim məqsədimiz var və bunun uğrunda çalışırıq.

0