Araz Abdullayev: “Düzgün oynasaq, uğur özü gələcək”
04.02.2025 - 10:38
Araz Abdullayev: “Düzgün oynasaq, uğur özü gələcək”

“Qaradağ Lökbatan”ın futbolçusu Araz Abdullayev apasport.az saytına müsahibə verib.

- Qış fasiləsini necə keçirdiniz? Komandada vəziyyət necədir?
- Yeni gələn oyunçularımız var. Onlar maksimum dərəcədə çalışırlar ki, tez bir zamanda komandaya adaptasiya olsunlar. "Cəbrayıl"la oyunda da göründü ki, hər şey çox yaxşı irəliləyir. Bu istəklə çalışmağa davam etsək, inşallah, daha yaxşı nəticələr əldə edəcəyik.

- Nurlan Novruz və Bahadur Həziyev haqqında nə deyə bilərsən? Onların gəlişi sənə kömək olacaq?
- Bu, kluba köməkdir. Çalışırıq ki, komanda şəklində oynayaq. Əsas istəyimiz “Qaradağ Lökbatan”a fayda verməkdir. Təcrübəli oyunçularla birlikdə məqsədimiz budur.

- Səni nə vaxt meydanda görəcəyik?
- İnşallah, gələn turdan start heyətində yer alacağımı düşünürəm.

- Zədən tam sağalıb?
- Bəli. Sadəcə bu turda risk etmək istəmədik.

- Komandanın durumu barədə nə deyə bilərsən?
- İlk növbədə çalışmalıyıq ki, komandanı düzgün şəkildə formalaşdıraq. Düzgün oynasaq, uğur özü gələcək. Sadəcə, üzərində işləməli olduğumuz çox şey var və bunları həll etməliyik. Hər bir oyunçu Premyer Liqada oynamaq istəyir. Ümumiyyətlə, burdakı hər kəs komandanı Premyer Liqaya yüksəltməyi planlaşdırır. Qarşıda hələ 14-15 oyunumuz var.

- Qış transfer pəncərəsində başqa klublardan təkliflər almışdın?
- Burda qalıb formamı bərpa etmək niyyətindəyəm. Yalnız bundan sonra gələcəklə bağlı planlar qurmaq olar. Hazırda əsas istəyimiz komandanı yaxşı yerlərə gətirməkdir.

İsmayıl Xeyrullayev

0