Azərbaycan millisinin sabiq üzvü Arif Əsədov apasport.az-a açıqlama verib.
Təcrübəli baş məşqçi yeni mövsümdə klub sayının artırılması ilə bağlı fikirlərini bölüşüb:
"Yeni mövsümdə Premyer Liqada klubların sayının artırılmasına müsbət yanaşıram. Artıq neçə ildir ki, bu məsələ müzakirə olunurdu. Yeni AFFA rəhbərliyi növbəti mövsümdə komanda sayının 12 olmasına qərar verdi. Bu qərarla bağlı fikirlərim müsbətdir. Rəqabətə necə təsir edəcəyini isə zaman göstərəcək. Ola bilər ki, ilk illərdə rəqabət azalar. Amma zaman keçdikcə, klublar adaptasiya olduqca rəqabət də artacaq. Burda əsas məsələ hansı formatın tətbiq olunacağıdır. Bu barədə məlumat olmadığı üçün fikir bildirmək çətindir".
54 yaşlı baş məşqçi Premyer Liqaya yüksələcək komandalardan birini çalışdıra biləcəyini söyləyib:
"Təbii ki, bu klublardan birində çalışa bilərəm. Bizim işimiz məşqçilikdir. Gələcək təkliflərə hər zaman açığam".
Qeyd edək ki, 2025/2026-cı illər mövsümündən Misli Premyer Liqasında komanda sayı 10-dan 12-yə artırılacaq.
Nərmin Vüqarqızı