Azərbaycan millisinin üzvü: "Xorvatiyadan zəif oynamadıq"
28.03.2025 - 10:15
Azərbaycan millisinin üzvü: "Xorvatiyadan zəif oynamadıq"

"Xorvatiyadan zəif oynamadıq". 

Apasport.az xəbər verir ki, bunu 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin üzvü Fariz Hüseynov deyib.

O, Avropa çempionatının əsas mərhələsində meydan sahibləri Xorvatiya yığması ilə heç-heçə etdikləri (3:3) oyunla bağlı fikirlərini bölüşüb:

"İlk görüşdə Bosniya və Herseqovina ilə üz-üzə gəldik. Onların güclü olduğunu bilirdik. Müdafiədə daha diqqətli oynamalı, topa sahib olduqda isə sürətli hücumlar qurmalı idik. Ancaq erkən qollar buraxdıq. Bundan sonra toparlanmaq çətin oldu və böyükhesablı məğlubiyyətlə üzləşdik

Bosniya və Herseqovina ilə görüşdəki səhvlərdən nəticə çıxarmışdıq. Həm də Xorvatiyanın Türkiyəyə qarşı keçirdiyi oyunu da zalda izləmişdik. Rəqibimizi əyani görmüşdük. Çalışdıq səhvləri təkrarlamayaq, əksinə, düzəldək. Bunu bacardıq. Xorvatiyadan heç də zəif oynamadıq".

Hüseynov sözügedən qarşılaşmada fərqlənməsi ilə bağlı da danışıb:

"Əlbəttə, sevindirici məqamdır. Üstəlik bu qolu Xorvatiya kimi güclü rəqibin qapısına vurursansa, iki qat sevinc olur. Heyifslənirik ona görə ki, qələbəni əldən verdik. Oyunun böyük hissəsini hesabda üstün keçirdik. Sona 12 saniyə qalmış qol buraxsaq da, ruhdan düşmədik, sona qədər mübarizə apardıq və heç-heçə qolunu vurduq. Qələbə də qazana bilərdik. Bu oyunlar bizim üçün əvəzsiz təcrübədir. Qarşıda bir görüşümüz qalıb. Türkiyə millisi qrupun sürpriz nəticə qazana kollektividir. Qardaş ölkənin yığması ilə də sona qədər mübarizə aparacağıq. Bu matça hazırlaşmaq üçün 1 gün vaxtımız olacaq. Çalışacağıq ki, bu mərhələdə ilk qələbəmizi qazanaq”.

Qeyd edək ki, U-19 qrupda son oyununu martın 29-da Türkiyə yığmasına qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.