Borçe Xristov: "Uduzanda da ayağını yerə möhkəm basmalısan"
02.02.2025 - 17:25
Borçe Xristov: "Uduzanda da ayağını yerə möhkəm basmalısan"

"Qarabağ" və "Zirə" klublarında məşqçi kimi çalışmış Borçe Xristov apasport.az saytına müsahibə verib.

- "Qarabağ" Avropa Liqasının son matçında "Olimpiakos"a 0:3 hesabı ilə uduzdu. Səncə, "Qarabağ"ın bu görüşdəki məğlubiyyəti nə ilə əlaqədardır?
- Bəli, "Qarabağ" matça inamlı başlamışdı. Düşünürəm ki, ilk qola qədər ağdamlılar hesabda önə keçə bilərdi. Çünki bir neçə qol imkanları var idi. Amma bu mövsüm "Qarabağ"ı narahat edən köhnə problem yenidən ortaya çıxıb, standart vəziyyətlər... Təəssüf... Düşünürəm ki, “Qarabağ” ilk hissəni əla oynadı. Onlar oyunu kontrol edirdilər. Təbii ki, “Qarabağ” üçün xallar prestij baxımından daha vacib idi. Bəlkə də, psixoloji məqamın rol oynaması da önəmlidir.

- Ötən mövsüm Avropa Liqasında uğurlu çıxış edən, hətta "Bayer"i keçməyə çox yaxın olan "Qarabağ" bu mövsüm niyə uğursuz oldu?
- Problemin nə olduğunu dəqiq bilmirəm. Amma bilirəm ki, “Qarabağ” bu mövsüm bir çox matçlarda əla nəticə göstərdi, əla oynadı. Çoxlu qol imkanları yaratdı, amma epizodların icrası yüksək səviyyədə olmadı. Bəzən bəxt də "Qarabağ"ın tərəfində deyildi. Amma bu, futboldur. Qalib gələndə də, uduzanda da ayağını yerə möhkəm basmalısan.

- "Qarabağ"ın heyətində dəyişikliklərə ehtiyac var?
- Bu suala ən yaxşı cavabı “Qarabağ”ın məşqçilər korpusu verə bilər. Amma bu, dərhal baş verməyən prosesdir. Təbii ki, heyətdə dəyişiklik etmək bir qədər vaxt aparacaq məsələdir. Amma "Qarabağ"da əvvəlki illərdə olduğu kimi, bu dəfə də komanda üçün ən yaxşı həll yolunu seçəcəklərinə əminəm.

- Son matçlarda "Qarabağ" standart vəziyyətlərdən aşkar şəkildə qollar buraxır. Bu haqda fikrin necədir?
- Bu dərin təhlil üçün sualdır. Bir çox klub öz strategiyalarını müəyyən standart vəziyyətlər üzərində qurur. Təbii ki, burda oyunçuların konsentrasiyası və qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsi çox önəmlidir.

- Yeri gəlmişkən, bu gün Premyer Liqa matçında "Zirə" və "Qarabağ" üz-üzə gələcək. Matçla bağlı fikrin necədir?
- Ümid edirəm ki, maraqlı oyun olacaq. "Qarabağ" "Zirə" üçün həmişə çətin rəqibdir. Hər iki tərəfdən yaxşı oyun olacağını arzulayıram. Ən güclü olan qalib gəlsin!

0