Branimir Subaşiç: "Bu cür nəticə heç kimə xoş deyil"
18.10.2024 - 15:22
Branimir Subaşiç: "Bu cür nəticə heç kimə xoş deyil"

Azərbaycan milli komandasının sabiq forvardı Branimir Subaşiç Apasport.az saytına açıqlama verib.

Vaxtilə yığma komandamızda oynamış forvard millimizin hazırkı durumunu dəyərləndirib:

“Azərbaycan millisinin ardıcıl 4 oyundur ki, uduzması təbii ürəkaçan deyil. Amma milli daha yaxşı nəticələr qazana bilərdi. Çünki Slovakiya ilə oyunu çıxmaq şərtilə, digər matçlarda pis oynamadı. Həm İsveç, həm Estoniya, həm də Slovakiya ilə Bakıdakı görüşdə Azərbaycan millisi yaxşı performans göstərdi, qol epizodları çox idi. Sadəcə epizodlardan yararlana bilmədik deyə, ortaya bu nəticə çıxdı. Amma mən millimizə inanıram. Çünki millidə çox yaxşı futbolçular var.

Fernandu Santuş haqda nəsə demək artıqdır, çünki onu hamı tanıyır. Avropa çempionudur. Azərbaycan millisində uğurlu nəticələr qazanacağına inanıram. Sadəcə ona da zaman lazımdır. Millidə yenidir, Azərbaycan futbolunu və futbolçuları yavaş-yavaş tanımağa başlayır. Bu mənada, sadəcə zaman vermək lazımdır. Santuşun zamanla Azərbaycan millisində uğurlu işlər görəcəyinə inanıram. Təbii ki, bu cür nəticə heç kimə xoş deyil. Hamı daha yaxşı nəticə istəyərdi. İnanıram ki, bunlar da olacaq”.

42 yaşlı futbol veteranı “Çernomorets”(Odessa), “Neftçi”, “Srvena Zvezda”, “Qəbələ”, “Xəzər Lənkəran”, “Qarabağ”, “Orduspor”, “Manisaspor”, OFK Beoqrad klubları ilə yanaşı Azərbaycan millisində də (2007-2013) oynayıb.

0