İranlı cüdoçu milliləşdirildi: “Azərbaycan adından çıxış etmək niyyətimi bildirdim”
04.05.2022 - 18:45
İranlı cüdoçu milliləşdirildi: “Azərbaycan adından çıxış etmək niyyətimi bildirdim”

İran əsilli Monqolustan cüdoçusu Səid Mollayi bundan sonra Azərbaycan millisində çıxış edəcək.

Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, Beynəlxalq Cüdo Federasiyası (IJF) Olimpiya oyunlarının gümüş mükaftaçısı və dünya çempionunun mayın 2-dən etibarən Azərbaycan bayrağı altında mübarizə aparmasına rəsmi razılıq verib.

IJF-in qəbul etdiyi yeni idman qaydalarına əsasən, idmançı çıxış etdiyi ölkəni dəyişərkən əvvəllər olduğu kimi, onun reytinq xalları sıfırlanmayacaq. Bu qaydaya əsasən, Səid Mollayi hazırda malik olduğu reytinq xallarını qoruyub saxlayacaq. O, 81 kq çəki dərəcəsində dünya reytinqində 7-ci yerdə gedir.

Mollayinin sözlərinə görə, Azərbaycan bayrağı altında çıxış etmək onun ən böyük arzularından biri idi: “Ona görə Monqolustan Cüdo Assosiasiyası ilə müqaviləm bitdikdən sonra özüm ilk təşəbbüsü göstərərək ACF-ə müraciət etdim və Azərbaycan adından çıxış etmək niyyətimi bildirdim. Çox sevinirəm ki, bundan sonra doğma Azərbaycan bayrağı altında yarışlara qatılacağam. Qarşıda bizi dünya və Avropa çempionatları, 2024-cü ildə Paris Yay Olimpiya Oyunları gözləyir. Vaxtımız azdır, əlimdən gələni edəcəyəm ki, yüksək nəticə göstərim və bayrağımızı yüksəklərə qaldırım”.

ACF-in baş katibi Rəşad Rəsullu da İran əsilli idmançının milliləşdirilməsinə münasibət bildirib. O, bununla 81 kq-dakı problemin həll edildiyini düşünür: “81 kq kişilərdən ibarət Azərbaycan millisində problemli çəki dərəcəsi hesab edilirdi. Bu çəki dərəcəsində çoxsaylı ümidverici idmançılarımız olsa da, təəssüf ki, yüksək səviyyəli yarışlarda Olimpiya çempionumuz Elnur Məmmədlidən sonra mükafat qazanan olmamışdı. Səid 81 kq çəkidə dünyanın aparıcı cüdoçularından hesab edilir və onun milli komandamıza qatılmağı ilə bu problemi qısa müddət üçün aradan qaldırmağa nail olmağı hədəfləyirik. Eyni zamanda hesab edirik ki, Səid kimi intizamlı və zəngin təcrübəyə malik olan idmançının millidə olması 81 kq çəki dərəcəsində rəqabəti artırmaqla yanaşı, istedadlı və gənc idmançılarımızın inkişafına da müsbət təsir göstərəcək”.

Qeyd edək ki, Səid Mollayi 2018-ci ildə Bakıda keçirilən dünya çempionatının qalibi olub. O, Tokio-2020 Yay Olimpiya Oyunlarında isə gümüş medal qazanıb. Bundan əlavə, Səid müxtəlif illərdə Asiya Oyunlarında və çempionatlarında, “Böyük Dəbilqə” turnirlərində və digər nüfuzlu beynəlxalq yarışlarda qalib və mükafatçı olub.

0