Xorvatiya millisinin müdafiəçisi Domaqoy Vida cəzalandırıla bilər. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, buna səbəb futbolçunun Rusiya üzərindəki qələbədən sonra paylaşdığı videodu.
Məsələ burasındadı ki, dünya çempionatının 1/4 final mərhələsindəki zəfərdən sonra Vida komandanın skautu Oqnyen Vukoyeviçlə birlikdə çəkdirdiyi videoda “Yaşasın Ukrayna! Bu qələbə Ukrayan üçündü”, - deyib. Onun qalibiyyəti Rusiya ilə siyasi problem yaşayan ölkəyə həsr etməsi şimal qonşularımızı qəzəbləndirib. Onlar Vidanın siyasi şüar səsləndirdiyini iddia edib və futbolçunun cəzalandırılmasını istəyiblər.
Lakin 29 yaşlı oyunçu daha sonra belə bir niyyətinin olmadığını söyləyib: “Qələbə Xorvatiyaya həsr olunur. Siyasət yox, zarafat var. Kiyev “Dinamo”sunda oynadığım üçün Ukraynada dostlarım var. Rusları sevirəm. Sadəcə, zarafat edirdik”.
Hadisə ilə araşdırmaya başlayan FİFA futbolçunun günahkar olduğunu təsdiqləsə, onu 2 oyunluq cəzalandıracaq.
Qeyd edək ki, Xorvatiya yığması yarımfinalda İngiltərə ilə qarşılaşacaq. Görüş iyulun 11-də keçiriləcək.