
Haiti millisinin sabiq kapitanı, “Qarabağ”, “Neftçi” və “Zirə”nin keçmiş müdafiəçisi, hazırda Almaniyada “Kosmos” klubunda oynayan Donald Gerye apasport.az saytına müsahibə verib.
- Haiti millisi Azərbaycana qalib gəldi. Həmin görüşdəki nəticəni sürpriz hesab edirsən?
- Xeyr, nəticə mənim üçün sürpriz olmadı. Bu cür olacağını gözləyirdim. Çünki Haiti millisinin gücünə bələd idim. Bu komandada oynayan futbolçuların keyfiyyətini, səviyyəsini bilirdim. Haiti yığmasında yaxşı oyunçular oynayır. Bu millidə oynayan hər bir futbolçu daim sona qədər mübarizə aparıb, sona qədər vuruşur. Çünki milli ölkəmiz üçün çox önəmlidir. Haitinin qalib gələcəyini sizə demişdim. Bunu Haiti millisinə inanaraq demişdim.
- Matçdan əvvəl “Qarabağ”dan tanıdığın Bədavi Hüseynov və ya Şahruddin Məhəmmədəliyevlə danışmışdım?
- Xeyr, bu futbolçularla danışmamışdım. Amma Haiti millisinin üzvləri ilə danışmışdım. Oradakılar dostumdur. Xüsusən də, Frantzi Pyerro ilə danışdım. Asan olmayacağını bildirmişdilər. Lakin qalib gəlməyi bacardılar. Pyerro da iki qol vurdu. Maraqlı görüş alındı.
- Azərbaycan millisinin bu qədər zəif oyun göstərəcəyini düşünürdün?
- Azərbaycan millisinin pis komanda olduğunu deyə bilmərəm. Çünki onların səviyyəli, yaxşı futbolçuları var. Mahir Emreli, Coşqun Diniyev, Bədavi Hüseynov, Elvin Cəfərquliyev, Toral Bayramov kimi oyunçulara sahibdirlər. Bu cür səviyyəli futbolçuların sayı çoxdur. Amma futboldur da, bəzən qalib gəlirsən, bəzən uduzursan. İstədiklərini daim yerinə yetirməyin alınmır. Lakin istənilən halda, oyuna fokuslanmalısan. Haiti Azərbaycanı 3:0 məğlub edibsə, demərəm ki, onlar Azərbaycan yığmasından çox yaxşıdır. Sadəcə mən Haiti millisində səviyyəli oyunçuların çox olduğunu bilirəm. Haitinin bu görüşdə qalib gələcəyini düşünürdüm. Çünki millidə oynayanda, bunun necə hiss olduğunu bilirəm. Fərqi yoxdur kiminlə oynayırsan. Millidə daim mübarizə aparıb, vuruşursan. Haiti millisinin üzvlərinin mentalitetində bu var. Futbol xarakter oyunudur. Bunu Qurban Qurbanovdan öyrənmişəm. Futbol oynayırsansa, xarakterin olmalıdır. İstedadın ola bilər, amma xarakterin yoxdursa, istədiyini edə bilməzsən.
- Səncə, yenidən belə şans düşsə, bu komandaların oyununda hansı nəticə ola bilər?
- Düzü, Azərbaycan Haitiyə qarşı pis oynamadı. Amma dediyim kimi, bəzən istədiklərin alınmır. FİFA reytinqində də Haiti və Azərbaycan fərqli mövqelərdədir. Bu da doğrudur. Haiti millisinin üzvləri yaxşı yerlərdə oynayırlar. Bunun da təbii ki, təsiri var. FİFA reytinqində Haiti Azərbaycandan üst pillədədir. Bu da reallıqdır. Azərbaycana qarşıdakı görüşlərdə uğurlar arzulayıram. Ümidvaram ki, hər şey onlar üçün yaxşı və uğurlu alınar.